“Festivalı elmlə cəmiyyəti birləşdirən məkana çevirək”
Noyabrın 10-11-də Bakıda keçiriləcək “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar media nümayəndələri üçün Yüksək Texnalogiyalar Parkında press-tur keçirildi.
İlk olaraq prezidentin 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış Yüksək Texnalogiyalar Parkı (YTP) MMC-nin direktor müavini Cabbar Musayev çıxış etdi. O bildirdi ki, Azərbaycanda innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsullarının yaradılması və dünya bazarlarına çıxarılmasına dəstək verilməsi istiqamətində bir çox işlər görülür: “Yüksək Texnologiyalar Parkının yaradılması da bunun bariz nümunələrdən biridir”.
“Pirallahıda texnopark salınacaq”
C.Musayev dedi ki, texnoparkın infrastrukturunun qurulması və maddi texniki bazasının yaradılması məqsədi ilə Bakı şəhəri, Pirallahı rayonunda MMC-yə 50 ha torpaq sahəsi ayrılıb: “Hazırda həmin ərazinin tikintiyə yararlı vəziyyətə gətirilməsi istiqamətində işlər görülür. Bu texnoloji şəhərcikdə administrativ binalar, elmi araşdırma və tədris, biznes, sərgi, inkubasiya informasiya mərkəzləri, rezidentlər üçün ofislər, kitabxana, yaşayış binaları və digər obyektlərdən ibarət orqanik bir infrastrukturun inşası nəzərdə tutulub. Texnoparkda fəaliyyət göstərəcək rezidentlər üçün dövlətimiz tərəfindən vergi sahəsində xüsusi güzəştlər tətbiq olunub və digər sahələrdə də müvafiq güzəştlərin tətbiq olunması istiqamətində də işlər aparılır”.
Texnopark rəsmisi dedi ki, parkın inşasının birinci mərhələsinə 2015-ci ildə başlanması nəzərdə tutulub: “Bununla yanaşı fəaliyyət dövrü ərzində MMC-nin əməkdaşları üçün əlverişli iş şəraitinin yaradılması və inkubasiya mərkəzinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə gördüyünüz yeni inzibati ofis istifadəyə verilib. Yanvar ayından etibarən MMC fəaliyyətini bu ünvanda davam etdirir”.
Hər gün 100-dək insan YTP-dən yararlanır
Direktor müavini dedi ki, İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrin dəstəklənməsi məqsədi ilə bu ildən başlayaraq MMC-nin Biznes İnkubasiya mərkəzi də fəaliyyət göstərir: “Hazırda Biznes İnkubasiya mərkəzinə 94 müraciət daxil olub. Texnoparkın Biznes İnkubasiya mərkəzində 37 start-up layihəsi fəaliyyətini uğurla davam etdirməkdədir. Biznes İnkubasiya mərkəzinin daxilində 4 yeni şirkət də qurulub. Gündəlik olaraq 100-ə yaxın insan buranı texniki imkanlarından istifadə etməkdədir. Qurumumuz 70-dən çox ölkənin texnoparklarını birləşdirən İnnovasiya Zonaları və Elmi Parklar Beynəlxalq Assosiyasiyasının (IASPAI) assosiativ üzvü də seçilib”.
“Öyrənək, ruhlanaq və əylənək!”
Sonra “Elm Festivalı-2014”ün direktoru Nuridə Quliyeva çıxış etdi. O bildirdi ki, bu tədbirin keçirilməsində məqsəd jurnalistləri festivalın proqramında əksini tapan məsələlərlə tanış etməkdir. Festivalın təşkilatçıları və sponsorları barədə məlumat verən direktor dedi ki, Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilən bu tədbir 12 məkanda baş tutacaq: “80-ə yaxın elmi məruzə dinlənəcək, sərgilərdə 40-a yaxın elmi təşkilatın, 20-ə yaxın ali məktəbin iştirakı gözlənilir. Bu texnoparka ekskursiyamız da nəzərdə tutulub. Konsert proqramımız, əyləncəli elmi şoularımız olacaq. Festivalımızın himni də artıq hazırdır. Tədbirimiz “Öyrənək, ruhlanaq və əylənək” devizi ilə fəaliyyət göstərəcək. Çalışacağıq ki, iki gün ərzində bu formatdan kənara çıxmayaq. Məqsəd odur ki, Azərbaycan elmini cəmiyyətimizə daha da yaxınlaşdıraq. Hesab edirəm ki, bu festivalı elmi təhsilə, təhsili biznesə, elmi istehsala birləşdirən bir məkana çevirəcəyik. Ona görə yaş qrupundan asılı olmayaraq bütün insanlarımızı bu festivalda fəal olmağa, iştiraka çağırırıq”.
Yeni ixtiralar
“Festival çərçivəsində söylənən mühazirələrdən adi insanlar özlərinə nə götürə biləcək?” Sualımıza cavab olaraq Nuridə Quliyeva dedi ki, bu mühazirələr populyar və anlaşılan dildə səslənəcək ki, adi insanlar da bundan faydalana bilsin: “Sərgidə yeni ixtiralar var, biznesmenlər, iş adamları, müvafiq sahənin nümayəndələri bu ixtiralarla əyani tanış ola biləcəklər. Cəmiyyət tərəfindən festivala çox böyük maraq var. İndiyədək ixtirası olanlar fərdi qaydada müraciət edib, biz onlar üçün də şərait yaradacağıq”.
Unikal layihəmiz Avropanın diqqətini çəkib!
YTP-nin tərkibində fəaliyyət göstərən “Neuron Technologies”in direktoru İsmayıl Ələkbərov bildirdi ki, rəhbərlik etdiyi qurum İKT sahəsində ilk Azərbaycan şirkətidir ki, elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq edir: “İKT sahəsində elmi-nəzəriyyələrin praktikaya tətbiqi istiqamətində artıq Kibernetika İnstitutu ilə əməkdaşlığa başlamışıq. Ali təhsil müəssisələrində yeni elektron tədris idarəetmə sisteminin tətbiq olunması üçün Gömrük Akademiyası ilə işə başlamışıq. Digər ali məktəblərlə söhbətlər aparmışıq. Unikal bir layihə hesab edilən bu sistemi dünya layihəsinə çevirmək üçün artıq Avropanın nüfuzlu təsisatları da maraqlanır. Layihələrimizə cəlb etdiyimiz bu gənclər isə yüksək səviyyəli elmi biliyə malikdir, əksəriyyəti xaricdə təhsil alanlardır”.
Press-tur çərçivəsində jurnalistlərə YTP-də fəaliyyət göstərən digər ofislər barədə də məlumat verildi. YTP üçün Pirallahı rayonunda inşa olunacaq infrastrukturun maketi təqdim olundu.
Sevil HİLALQIZI