"22 yaşında Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Prosesin gedişində hərəkat partiyalaşma mərhələsinə qədəm qoydu. Azərbaycan Mili Demokrat - Yeni Müsavat Partiyası yaratdıq. Partiyaya yayım orqanı, yayım orqanına da baş redaktor lazım oldu. “Yeni Müsavat”la bir-birimizə qoşulub, bir-birimizi yaratdıq. 89-cu ilin oktyabrında “Yeni Müsavat” Partiyasının elan olunması baş verdi. Bir yayın orqanının qurulması da həmin dövrə təsadüf etdi. Amma yığılıb çap olunması, satışa çıxarılması bir xeyli vaxt aldı. Ona görə də 10 noyabr tarixli, “Azadlıq” meydanındakı mitinqə çatdıraq deyə çalışdıq və çatdırdıq. Həmin mitinqdə 10 mindən çox “Yeni Müsavat” qəzetinin ilk nömrəsi satıldı".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu qəzetin 25 yaşının tamam olması ilə əlaqədar verdiyi müsahibəsində bildirib.
İlk sayı 10 noyabr 1989-cu ildə nəşr olunan “Yeni Müsavat” 1989-91-ci illər ərzində gizli və qeyri-formal nəşr olunub. 1992-ci ildə dövlət qeydiyyatına alınıb, nəşrinə və yayımına rəsmi icazə verilib.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb.
2009-cu ilin noyabr ayının 8-də qəzetin təsisçisi İsa Qəmbər qəzetin 20 illik yubileyində 16 il 8 aydan sonra təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişərək Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.
22 dekabr 2011-ci ildə qəzetin 5000-ci sayı işıq üzü görüb.
Teleqraf.com olaraq “Yeni Müsavat”ın kollektivini qəzetin 25 illik münasibətilə təbrik edir, həmkarlarımıza yeni-yeni yaradıcılıq uğurları arzu edirik.