9 Sentyabr 2021 14:05
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bu barədə Teleqraf.com-a Eldar Həsənovun vəkili Valeh Mehraliyev bildirib.

Vəkil qeyd edib ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə bir neçə vəsatətlə çıxış ediblər: “Biz hazırlıq iclasında Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılması, Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq, məhkəmə zalında vəkilləri ilə yanaşı əyləşməsi ilə bağlı vəsatət vermişdik. Məhkəmə vəsatətlərin heç birini təmin etməmişdi. Bu gün keçirilən iclasda hazırlıq iclasında verdiyimiz vəsatətlərdən ikisini yenidən qaldırdıq.

Eldar Həsənovun səhhəti ilə bağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, eyni zamanda Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq məhkəmə zalında vəkilləri ilə yanaşı əyləşməsi barədə vəsatət verdik. Məhkəmə vəsatətlərdən birini təmin etdi. Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq məhkəmə zalında vəkilləri ilə yanaşı əyləşməsi təmin olundu. Amma həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətimiz təmin olunmadı”.

Vəkil qeyd edib ki, iclasda Eldar Həsənovun özü də vəsatətlə çıxış edib: “Eldar Həsənov məhkəmə iclaslarının qapalı keçirilməsi barədə vəsatət verdi. Bildirdi ki, cinayət işində bəzi xarici dövlətlərin adı çəkilir, bu məlumatların yayılması düzgün deyil. Dövlət ittihamçısı isə vəsatətə münasibət bildirərək, vəsatəti əsassız hesab etdi. Məhkəmə də vəsatəti təmin etmədi”.

Vəkil deyib ki, bundan sonra dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb.

Proses günün ikinci yarısında dövlət ittihamçısının ittiham aktını elan etməklə davam edəcək.

İttihama görə, Eldar Həsənov Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər