“Zəfər”Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.
Teleqraf.com-un məlumatına görə, layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyinə həsr edilib.
Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini yad edib, torpaqlarımızın azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər. Çıxışçılar qeyd ediblər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olub, hər qarış torpaq uğrunda şəhid qanı axıb. Vurğulanıb ki, 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşıb və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşub.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin 1-ci ildönümündə yekunlaşacaq.