15 Sentyabr 2021 20:27
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur.

1918-ci ildə qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə mühüm hadisə kimi yazılaraq, Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Bakı yadellilərin əlində idi. Türk Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana daxil olaraq Bakı şəhərini sentyabrın 15-də düşmənlərdən azad etdi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. O hadisədən 100 il sonra Bakı şəhərinin azad edilməsinin yüz illiyi 2018-ci ildə Azadlıq meydanında möhtəşəm paradla qeyd edildi. Azərbaycana gəlmiş Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbiri Prezident İlham Əliyevlə birgə izlədi. Eyni zamanda, iki dövlətin ordularının əsgərləri Azadlıq meydanında yan-yana addımladı.

Prezident İlham Əliyev paraddakı çıxışında Qafqaz İslam Ordusunun Nuru paşanın rəhbərliyi altında sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsini tarixi hadisə adlandıraraq bildirdi ki, “Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır. Onların məzarları yan-yanadır. onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir”. Həmin paradda çıxış edən Türkiyə Prezidenti vurğuladı ki, şəhidlər fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. “Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik”, - deyən Rəcəb Tayyib Ərdoğan bir əsr əvvəl azərbaycanlıların işğal altında zülm çəkdiyini, Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişinin əhali arasında böyük ümid doğurduğunu xatırlatdı. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

Bunu dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”. Keçən il sentyabrın 27-də Azərbaycan Vətən müharibəsinə, qurtuluş savaşına qalxaraq 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarını azad etdi. Bu şanlı Qələbədə Türkiyə liderinin, türk xalqının mənəvi-siyasi dəstəyi mühüm rol oynadı. Azərbaycanda bunu yüksək qiymətləndirir, minnətdarlıq duyğuları ilə xatırlayırlar. Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Həmin günlərdə paytaxtımız, şəhər və qəsəbələrimiz bir millət, iki dövlətin rəmzi olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, əsgər və zabitlərin iştirakı birliyimizi, dostluğumuzu və qardaşlığımızı bir daha bütün dünyaya nümayiş etdirdi. Bunun da bir siyasi və mənəvi mənası var. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində qeyd olunduğu kimi “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”. Bu tarixi bəyannamə bir daha təsdiqləyir ki, kökləri dərin olan qardaşlığımız əbədidir!


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər