İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası sabah baş tutacaq.
Bu barədə Teleqraf.com-a İşçi Qrupun üzvü, katib Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, İşçi Qrupunun gündəliyi artıq hazırdır: “Bərpa iclasından sonrakı dövrdə katibliyə İşçi Qrupun üzvlərindən çoxlu təkliflər daxil olub. Katiblik onları ümumiləşdirib, həmin təkliflər əsasında gündəlik tərtib olunub və həmsədrlərlə razılaşdırılıb. Sabah Milli Məclisin binasında növbəti iclasın keçiriləcəyi planlaşdırılıb”.
S.Məmmədov qeyd edib ki, İşçi Qrupun reqlamenti qəbul olunacaq: “İclasda Qrupun üzvləri gündəliyi özü formalaşdıracaq. Katiblik artıq təklifləri hazırlayıb təqdim edib. Məhkumlar, xüsusən də xəstə məhkumlarla bağlı vəsatətlərə baxılacaq. İşçi Qrupun mandatına daxil olan insan hüquqları ilə bağlı başqa problemlər qaldırıla bilər. Bir neçə hüquq müdafiəçisi arayışlar təqdim etməklə çıxışlar etməlidir”.
Onun sözlərinə görə, QHT-lərlə bağlı da təşəbbüslər ola bilər.
Katiblikdə təmsil olunan digər üzv Səadət Bənanyarlı isə qeyd edib ki, iclasda İşçi Qrupunda insan haqları ilə bağlı məsələlər müzakirə olunacaq: “Gündəliyə daxil olan hər bir məsələ ilə əlaqədar problemin təqdimatı Qrup üzvlərindən birinə tapşırılıb. Həmin adamın təqdimatından sonra müzakirə olacaq”.
S.Bənanyarlı bildirib ki, Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Aleksandr Gessel də iclasda iştirak edəcək. Hüquq müdafiəçisi söyləyib ki, iclas günün ikinci yarısında baş tutacaq.
Qeyd edək ki, İnsan Hüquqları üzrə birgə İşçi Qrup 6 ildən sonra bu ilin oktyabrın 22-də fəaliyyətini bərpa edib. Bərpa Azərbaycanın dövlət başçısı İlham Əliyev və Avropa Şurasının baş katibi Torbörn Yaqland arasında Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı bir neçə dəfə keçirilən müzakirələrin nəticəsi olaraq baş tutub.
İşçi Qrupa Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə İsmayıllı, Baş Prokurorluğun nümayəndəsi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin üzvü deputat Çingiz Qənizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova daxildir.
Fuad Ələsgərov və Səməd Seyidov qrupun həmsədrləri, Səadət Bənənyarlı, Kəmalə İsmayıllı və Sahib Məmmədov qrupun katibləridir.
Nərgiz