31 Oktyabr 2021 11:13
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ətin yanında qatıq yemək olmaz” deyən bəzi "mütəxəssislər" var. Maraqlı məqam burasındadır ki, belə deyib keçirlər, elmi izah vermirlər. Bu insanların iddialarına görə, ətlə bərabər istehlak edilən qatıq, ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibindəki dəmir məhv olur.

Bunu Teleqraf.com-a açıqlamsında Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, ətin qatıqla birlikdə istehlak edilə bilməməsi yanlış fikirdir: “Bu, insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil. Bizim milli mətbəximiz beynəlxalq festivallarda hər zaman öz sözünü deyib. Mən özüm eyni zamanda beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və hər zaman yüksək tədbirlərdə Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik.

Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinə diqqət çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmazsa, yaxud hər hansısa bir zərəri aşkarlanarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsiflər heyəti qida üzrə mütəxəssis olurlar. Milli dəyərimiz olan dolmanın yanında min illərdi sous olaraq qatıq verilirsə, demək, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii, bunun bir elmi izahı da var”.

Ağa Salamov bildirib ki, qatığın tərkibindəki kalsium ətin tərkibində olan dəmirlə ziddiyyət təşkil etdiyinə görə kalsium orqanizmə daxil olduqda dəmirin sovrulmasını az miqdarda əngəlləyə bilər:

“Ancaq bu, kalsiumun dəmirə təsirindən asılıdır. Dəmirin orqanizmdə sovrulmasının kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlardakı kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanı qatıqla istehlak ediriksə, qatıq maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq.

Bir də unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30 faiz az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burda dəmir və ya hər hansısa zülal itkisindən söhbət gedə bilməz.

Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə yeyilə bilər. Hər şey öz çərçivəsində, normasında daha gözəl və daha sağlamdır”.


Müəllif: Aysel Azad