14 Noyabr 2014 17:57
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadı Rəcəbli: “Proqramlar çərçivəsində bir çox problem aradan qaldırılıb”

14 noyabr - Ümumdünya Diabet Günü ilə bağlı İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirilib.

Millət vəkilləri və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar olub. Tədbirdə öncə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülüb.

Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabetin ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlik olduğunu diqqətə çatdırıb.

Y.Sultanova deyib ki, şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər: “Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır”.

“Bu, çıxış yolu deyil”

Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov isə keçən ilin sonlarına olan statistikaya əsasən Azərbaycanda 197 min şəkərli diabetdən əziyyət çəkən xəstənin rəsmi şəkildə qeydiyyatdan keçdiyini dedi. O, baş endokrinoloq bu ilin sonuna qədər xəstələrin 250 mindən çox olacağının proqnozlaşdırıldığını vurğuladı.

R.Cabbarov artımın sırf qeydiyyatda olan xəstələrə aid olduğunu söyləri: “Şəkərli diabet xəstəliyinə qarşı mübarizədə nəinki xəstənin, həm də dövlətin üzərinə böyük iş düşür. Aparıcı ölkələr həyəcan təbili çalaraq xəstəliyin sayının artmasından olduqca narahatdırlar. Bildiyimiz kimi, dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi ildən-ilə sürətlə artır. Hazırda dünyada 380 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da xəstəlik geniş yayılıb”.

O, daha sonra əlavə edib ki, adıçəkilən xəstəlik 2 qrupa bölünür: “Birinci qrup xəstəlik daha çox cavanlarda müşahidə olunur. İkinci qrup xəstəliyə isə yaşlı insanlarda rast gəlinir ki, bu da 85-90 faiz təşkil edir. Bu xəstəlikdən əziyyət çəkənlərin 1000 nəfəri isə uşaqdır. Qeyri-normal həyat tərzi xəstəliyin baş verməsinə səbəb olur. Onu da qeyd etməliyəm ki, bəzən xəstəliklə əlaqədar bədənin hansısa nahiyəsinin amputasiya olunması çıxış yolu deyil. Çünki bu, müəyyən müddətlik prosesdir”.

“Əlavə vəsait ayrılması vacibdir”

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyir ki, həm diabet xəstələri üçün, həm də bu xəstəlikdən qorunmaq məqsədilə sağlam qidalanma vacib şərtdir. Onun sözlərinə görə, xəstəliyin azalmasında əsas amil bu sahəyə diqqətin ayrılması, düzgün pəhriz və fiziki aktivliyin artırılmasıdır: “Bu istiqamətdə maarifləndirmə işlərinin həyata keçirilməsi çox önəmlidir. Uşaqlar arasında xəstəliyin vaxtında aşkarlanması üçün bu gün ölkədə həyata keçirilən icbari dispanserizasiyanın rolu böyükdür”.

Millət vəkillərinin və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar edildi. Bildirildi ki, dünyada hər 10 saniyədə iki nəfərdə bu xəstəlik aşkarlanır, bir nəfər isə dünyasını dəyişir. Hər il 5 milyon insanın xəstəlikdən dünyasını dəyişdiyi bildirilərək bu sayın azalması üçün diabetlə mübarizəyə əlavə vəsait ayrılması vacibliyi qeyd olunub.

“Ölüm göstəricisi hər 21,7-dən 7,5-ə enib”

Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi səciyyələndirdiyini və bu günün qeyd olunmasının diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürüldüyünü bildirdi: “Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanununun tətbiq edilməsi barədə fərmana uyğun olaraq “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq olunub. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib”.

Hadı Rəcəbli diabetiklərin müalicəsi üçün ayrılan vəsaitin ildən ilə artırılacağını dedi. O, vəsait artdıqca xəstəliklə mübarizənin asanlaşdığını vurğuladı.

Tədbirdə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülüb. Sonda diabetli uşaqlara hədiyyələr təqdim olunub. Uşaqların arzuları yazılmış şarlar havaya buraxılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər