Xızı rayonunda yerləşən Cəfər Cabbarlının ev muzeyinin vəziyyəti narahatlıq doğurur.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin deputatı Müşfiq Məmmədli ilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, ictimai şuranın sədr müavini Əkbər Qoşalı, Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev arasında keçirilən görüşdə səsləndirilib.
YAP Sumqayıt şəhər təşkilatının binasında baş tutan görüşdə Sumqayıt və Xızı şəhərlərinin mədəni mühiti müzakirə olunub.
Görüşdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, ictimai şuranın sədr müavini Əkbər Qoşalı iştirak edib. YAP Sumqayıt şəhər təşkilatının binasında baş tutan görüşdə Sumqayıt və Xızı şəhərlərinin mədəni mühiti müzakirə olunub.
Söhbət zamanı Gəray Əlibəyov şuranın fəaliyyəti, eyni zamanda şura tərkibində yaradılan ekspert qrupu haqqında ətraflı məlumat verib. Yaxın perspektivdə nəzərdə tutulan özəl teatrların festivalı haqda fikir mübadiləsi aparıb. Şuranın sədr müavini Əkbər Qoşalı Xızı rayonunda yerləşən Cəfər Cabbarlı ev muzeyinin vəziyyəti haqqında narahatlığını deputatın nəzərinə çatdırıb. Eyni zamanda mədəniyyət sahəsində olan gənclərə dəstək, onların işlə təmin olunmasında yardımçı olmağı söyləyib. Regional idarənin rəisi Rəşad Əliyev Sumqayıtda mədəniyyət tədbirləri, həmçinin fəaliyyətin daha təkmilləşdirilməsi üçün nəzərdə tutulan addımlar haqda söhbət açıb.
Müşfiq Məmmədli bildirib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağın işğaldan azad edilməsi bütövlükdə mədəni həyatımız üçün yeni səhifə açıb. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizminə məruz qalmış tarixi-mədəni abidələrin bərpası dövlətimizin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla yanaşı Sumqayıtın mədəni mühiti də ölkə rəhbərliyinin diqqətindədir. Deputat Sumqayıtda son dövrlərdə mədəni obeyktlərin tikilib istifadəyə verilməsi, həmçinin ümumşəhər tədbirlərində mədəniyyət idarəsinin fəaliyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb. Verilən təkliflər, qeyd olunan məsələlər haqda aidiyyəti qurumları məlumatlandıracağını söyləyən Müşfiq Məmmədli bu yöndə mədəniyyət işçilərinə dəstək olacağını bildirib.
Sonda mədəniyyətlə bağlı görüşlərin intensiv keçiriləcəyi ilə bağlı qərar verilib.