Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-20-də II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlanacaq.
Publika.az-ın məlumatına görə, İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvü Yusif Şeyxov (Azərbaycan), Gənclər və İdman Nazirliyinin nümayəndəsi, digər qonaqların və film müəlliflərinin iştirak edəcəyi mətbuat konfransında Bakı festivalının proqramı, dəvət olunmuş qonaqlar üçün nəzərdə tutulan proqram, festivala təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə suallar cavablandırılacaq.
FİCTS-in üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
II Bakı festivalınına 33 ölkədən 115 film daxil olub. Seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: "Bədii film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri", "Milli film".
Birinci festivalla müqayisədə bu ilki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bunu da Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.
Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı, Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunacaq. Eyni zamanda Festivala qatılan film müəllifləri və idman mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.
Festivalda dünyada tanınmış idman xadimləri, Olimpiya və dünya çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin iştirakı gözlənilir.