24 Dekabr 2021 17:20
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə başlanmış işlər növbəti ildə də qrafikə uyğun davam edəcək. Bu, ilk növbədə əlaqələndirmə qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı əsasında aparılacaq. Bundan başqa, xüsusi dövlət proqramı hazırlanır. Bu yaxınlarda onun da yekunlaşması nəzərdə tutulur. "Azərbaycan-2030" Milli İnkişaf Prioritetləri adlı sənəddə qoyulan hədəflərin arasında "Böyük Qayıdış"la bağlı hədəflər, eyni zamanda Qarabağa qayıdacaq əhalinin reinteqrasiyası və bölgənin iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiya olunmasına və tam şəkildə təşkilinə yönələn istiqamətlər sənəddə göstərilmiş qaydada planlı şəkildə icra olunmağa davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi rayonların baş planları təsdiq olunub: "Bura ilk növbədə Ağdam, Füzuli, Cəbrayıl, Şuşa daxildir. Digər ərazilərdə də bu işlər davam etdirilir. Böyük ehtimalla demək olar ki, növbəti ildən biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda paralel olaraq bütün işğaldan azad olunan rayonlar üzrə kəndlərin ümumi planları layihələndirilməkdə davam edir. Minadan təmizləmə fəaliyyəti də uğurla aparılır və bu, davam edəcək. Çünki həddindən çox çirklənmiş ərazi var.

Sözsüz ki, müxtəlif baza infrastruktur layihələri, 10-dan çox avtomobil yollarının tikintisi başlayıb və davam etməkdədir. Həm Qarabağ iqtisadi rayonunda, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda bütün bu fəaliyyətlər davam etdirilir.

Dəmir yolu ilə bağlı layihələr də düşünürəm ki, növbəti ildən öz qrafikinə uyğun həyata keçiriləcək. Elektrik təchizatı ilə bağlı işlər bu il yekunlaşıb. Artıq bölgədə bütün yarımstansiyalar tikilib quraşdırılıb. "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi yekunlaşıb".

Emin Hüseynov qeyd edib ki, Qarabağın Yaşıl Zona elan edilməsi ilə bağlı regionda müxtəlif alternativ güc mənbələrinin yaradılması istiqamətində işlər gedir: "Bu, həm günəş, həm külək enerjisi, həm də su elektrik stansiyasılarının yaradılması ilə bağlıdır. Bütün bu işlər növbəti ildən öz axarı ilə davam edəcək.

Ən vacibi vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışıdır. Lakin bunun üçün tələb olunan həm fiziki-sosial, həm də iqtisadi infrastrukturun (ilk növbədə iş yerlərinin) yaradılması naminə başlanılmış layihələr davam edəcək. Yaşayış massivlərinin salınması, istər kənd təsərrüfatı və emal, istərsə də sənaye sahələrində iş yerlərinin yaradılması ilə bağlı investorlarla, iş adamları ilə layihələr həyata keçiriləcək. Eyni zamanda ənənəvi sahələrlə yanaşı yeni, innovativ, rəqəmsal fəaliyyət sahələrində də müvafiq olaraq kiçik və orta biznesin nümayəndələri, "start-up"lar üçün şərait yaradılacaq ki, insanlar işlərini qura bilsinlər".

Prezidentin xüsusi nümayəndəsi vətəndaşlarımızın Qarabağa qayıdışı planından da danışıb: "Məcburi köçkün statusu olan keçmiş məcburi köçkünlərimiz içərisində hansı hissəsinin dövlət tərəfindən evlə təmin olunduğu, hansı hissəsinin hələ də evlə təmin olunmadığı və müvəqqəti yaşayıq məntəqələrində yaşadıqları ilə bağlı məlumatlar var. Hər bir rayon və yaşayış məntəqələri üzrə böyük qayıdış prosesi başlayarkən bütün bunlar nəzərə alınacaq. Bununla bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir. Onlar bu məsələ ilə bağlı həm iqtisadi-sosial, həm də hüquqi tərəfdən məsələləri araşdırırlar. Yəqin ki, növbəti illərdə bu iş də uğurla yekunlaşacaq və artıq "Böyük Qayıdış"ın hazırlıq mərhələsinə keçəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər