5 Yanvar 2022 12:24
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümi olaraq yayılan qrip hər il rast gəlinən xəstəlikdir. Qripin müxtəlif variantları var. Son günlər insanlar arasında qrip xəstəliyinin törədicisi olan influlenza virusu yayılıb.

Bunu Teleqraf.com-a açıqlamasında infeksionist Nicat Əzimli deyib.

Onun sözlərinə görə, son vaxtlar H5N8 və H5N1 quş qripi adlanan influenza virusları bəzi dünya ölkələrində yenidən quşlarda aşkarlanır:

“Ola bilər ki, insanlar arasında da bu yoluxmalar var. Ancaq PCR testi insanlar arasında bu xəstəliklə bağlı aparılmadığı üçün Azərbaycanda bu xəstəliyin dövran edib-etmədiyini dəqiqliklə demək olmaz.

Bu infeksiya COVID-19 xəstəliyi qədər yoluxucu və riskli patogenezi olan xəstəlik deyil. Ona görə də narahat olmağa dəyməz. Sadəcə influenza virusunun törətdiyi qrip xəstəliyinə yoluxduğu halda şəxs həkimə müraciət etməlidir. Xüsusilə də infeksionist və ya daxili xəstəliklər üzrə mütəxəssis olan həkimlərə müraciət edərək ehtiyac olduğu təqdirdə ev şəraitində müalicə təyin olunur. Adətən patogenetik və simptomatik müalicələr yazılır. Burada hər hansı bir antiviral preparatlardan istifadə olunmur”.

Mütəxəsis bildirib ki, influlenza orqanizmdə bir həftə davam edir: “Xəstəliyin gedişatında ağırlaşmalara COVID-19 qədər çox rast gəlinmir. Ehtiyac olarsa, bəzi vitaminlər və bol maye qəbulu ilə xəstəlik orqanizmdən təmizlənir.

Xəstəliyin simptomları COVID-19 virusu ilə oxşardır deyə məsləhətdir ki, şəxs özündə influenza virusunun törətdiyi xəstəliyin əlamətlərini - qızdırma, yuxarı tənəffüs yolları ilə bağlı simptomlar, öskürək, burun tutulması, boğaz ağrısı, baş ağrısı, alın və gicgah nahiyəsində, qaş üstü nahiyələrdə ağrı müşahidə edərsə, hansı xəstəliyə yoluxduğunu bilmək üçün ilk olaraq COVID-19 olmadığından əmin olmaq lazımdır.

Bunun üçün yaxma analizi – PCR test vermək lazımdır. Əgər COVID aşkarlanmazsa, ondan sonra mütəxəssis tərəfindən bunun hansı xəstəlik olduğu dəqiqləşdirilir və spesifik müalicə aparılır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər