Bir neçə gün əvvəl “Ləzzət Group” kulinariya evi sosial şəbəkə hesablarındakı paylaşımı tənqid atəşinə tutulub. Sosial media izləyiciləri reklam xatirinə müqəddəs dəyərlərdən istifadəyə irad bildiriblər. Şirkət instaqram səhifəsində “İgidlərimizin addım-addım azad etdiyi, Qarabağın incisi Şuşamızdan gələn torpaq. Bu postumuza rəy yazan və bəyənən ilk 44 izləyicimizə Şuşa torpağı hədiyyə olunacaq” - deyə paylaşım edib.
Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb.
“Ləzzət Group”un piar meneceri Turan Qaracayeva bildirib ki, sözügedən paylaşım xoş məqsədlə edilib:
"Hamımız torpaqlarımız işğaldan azad olunduğu üçün sevinc doluyuq, laykla torpaq vermək kimi məsələdən söhbət gedə bilməz, bu, insanlığa sığışmaz. Xoş niyyətlə paylaşımı etdik, çox maraqla və gözəl qarşılandı. Rəhbər nümayəndəmiz Şuşaya gedəndə torpaq gətirmişdi. Torpağın izləyicilərimizə verilməsində heç bir reklam və ya pis niyyətimiz yoxdur. Belə bir şeyə əl atmaq heç bizim imicimizə yaraşmaz".