Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda çıxış edən təşkilat sədri Fatma Səttarova dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini yad edib, Azərbaycan ordusunun bu müharibədə göstərdiyi qəhrəmanlığa diqqət çəkib.
Fatma Səttarovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyət Azərbaycan tarixinə qızll hərflərlə həkk edilib.
Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb:
“Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir".
Cəlil Xəlilovun sözlərinə görə, son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur: "Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik".
Cəlil Xəlilov bildirib ki, qazilərə diqqət və qayğı yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur: "Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər. Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.
Qeyd edək ki, konfransda qazilər və 44 günlük Vətən müharibəsi iştirakçılarının ilə yanaşı, xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynov, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədov, polkovnik-leytenant Şahin Məmmədov da iştirak edib.