“Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinin ("CTE-2014") açılışı olub.
Teleqraf.com xəbər verir ki, sərgidə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, 5 il bundan öncə sərgidə nümayiş olunan bu texnologiyalar haqda heç bir təsəvvür yox idi, amma bu gün onların böyük əksəriyyəti Azərbaycanda tətbiq olunur: “İlbəil sərgi də böyüyür, xaricdən gələn şirkətlərin sayı da çoxalır. Azərbaycanda bu tip sərginin keçirilməsi də yaşıl iqtisadiyyat bazarının böyüməsinin əlamətidir. 7 il bundan öncə güclə bir şirkət tapırdıq ki, bizə kömək etsin. İndi artıq eyni xidməti göstərən 7-8 şirkət Azərbaycana maraq göstərir və bura gəlib. Ətraf mühitin mühafizəsinə həsr olunan belə sərgi keçmiş SSRİ ölkələri arasında keçirilən yeganə sərgidir”.
Qeyd edək ki, “CTE-2014” beynəlxalq sərgisində Azərbaycan, Çexiya, Böyük Britaniya, Almaniya, Danimarka, İsveç, Fransa və digər ölkələrdən 77 şirkət iştirak edir.
İLHAMƏ