Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Teleqraf.com-un Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdir.
Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib. Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılmışdır. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir.
Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir.
İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.
İnsanlıq və bəşəriyyət əleyhinə törədilmiş bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilmiş, aşkar olunmuş faktlar barədə onlara ətraflı məlumat verilmişdir.