"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şamaxı şəhərində vətəndaşlarla görüş keçirib. Qəbulda Birlik rəhbəri ilə yanaşı, Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, Ağsu Regional qaz istismarı İdarəsinin, Şamaxı və Qobustan xidmət sahələrinin rəhbər şəxsləri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, görüşdə Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib.
Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub.
"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 30-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Ağsu Regional qaz istismarı İdarəsinin, Şamaxı və Qobustan xidmət sahələrinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə Birlik rəhbərliyinə təşəkkür ediblər. Baş direktor bundan sonra da mütəmadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlərin keçiriləcəyini vurğulayıb.