17 Mart 2022 09:05
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən müddət ərzində ölkədə quraq hava şəraiti hökm sürsə də, martın əvvəlindən başlayaraq hava şəraiti qeyri-sabit davam etməkdədir. Bəs bu hava kənd təsərrüfatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov hazırkı havanın kənd təsərrüfatı üçün əlverişli olduğunu bildirib:

“Yağışın yağması yaxud da ilin quraq keçməsi kənd təsərrüfatında məhsuldarlığa, ümumi məhsulun həcminə birbaşa təsir göstərir. Kənd təsərrüfatı ilində əsas strateji sahə olan taxılçılıqla bağlı 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Hazırda onlara qulluq işləri aparılır. Payızda, bu ilin əvvəlində yanvar-fevral aylarında hava quraq keçdi. Suvarma şəraitində bəzi bölgələrdə su çatışmazlığı oldu. Quraq ərazilərdə isə bitkilər stressə düşdü. Son günlərdə yağan yağış vaxtında yağdı deyə bilərik. Həm bitkiçilik, həm də heyvandarlıq baxımından çox faydalı oldu. Hazırda yemləmə gübrəsi verilir, alaq otlarına qarşı mübarizə aparılır. Bu ərəfədə yağan yağış bitkilərin inkişafına müsbət təsir göstərir. Təkcə yazlıq yox, eyni zamanda payızlıq bitkilərin əkini aparılır. Yazlıq bitkilərdən ilkin olaraq 600-700 hektar ərazidə şəkər çuğunduru əkilib. 300-400 min hektara yaxın ərazidə yem bitkiləri əkilib”.

İmran Cümşüdov qeyd edib ki, hazırda məhsul bolluğu haqqında danışmaq üçün tezdir: “Bundan sonrakı hava şəraiti, becərmə texnologiyası məhduldarlığa təsir edəcək. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün işlər görülüb. Gübrə təminatı var, ölkədə azot istehsalı həyata keçirilir. Qiyməti də fermerlər üçün çox sərfəlidir. Becərmə işləri aparıldıqdan sonra bu il üçün yaxşı məhsul gözlənilir. Lakin təbiətdə baş verən hər bir dəyişiklik kənd təsərrüfatına təsir göstərdiyi üçün ümumi baxımdan məhsuldarlıq haqqında hələ ki, dəqiq proqnoz vermək mümkün deyil”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər