24 Noyabr 2014 09:52
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əqli mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiqinə 2015-ci ildə başlamaq planlaşdırılır.

Bunu Trend-ə Müəllif Hüquqları Agentliyindən deyiblər.

Agentlikdən bildiriblər ki, nəzarət markalarının (holoqram) tətbiqi üzrə texniki və təşkilati işlər başa çatdırılıb və onların satın alınması üzrə daha əvvəl əvvəl elan edilmiş tenderin nəticələri dekabrda açıqlanacaq: "Müvafiq olaraq, holoqramların tətbiqinə gələn ilin əvvəlindən başlamaq mümkün olacaq".

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi rəqəmsal hüquqların idarə edilməsi ilə yanaşı, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin xüsusi nəzarət markaları ilə təchiz olunması məsələlərinin tənzimlənməsi ilə məşğul olacaq.

Agentlikdə müəllif-hüquq obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb. Həmçinin smart tipli mobil telefon vasitəsilə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin orijinallığını müəyyən edən "Track & Trace" sistemi (nəzarət markalarının və nüsxələrin qanuniliyinin "izlənməsi" sistemi) quraşdırılıb.

Holoqramlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəllif hüquqları məhsulları istehsalçılarına onların ərizəsi əsasında veriləcək. Audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab nüsxələrinə yapışdırılan nəzarət markasının 1 ədədinin qiyməti 0,15 manat müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 150 manat miqdarında cərimə tətbiq ediləcək.


Müəllif:

Oxşar xəbərlər