7 May 2014 15:35
3 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz özümüz Elton Məmmədovu axtarırıq, ona çoxlu suallarımız var. Amma o, “Yeni Müsavat”a danışmaqdan imtina edir. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deputat Elton Məmmədovun onların ailəsinə qarşı kampaniya başladılması barədə fikrinə münasibət bildirərkən deyib.

R.Arifoğlu əllərində olan məlumatları və şübhələri bölüşdüklərini bildirib: “Ortada ağır cinayət hadisəsi var. Bir jurnalistin həyatına sui-qəsd olunub. Sui-qəsdçilər tapılıb. Belə məlum olub ki, bu, Ziya Məmmədovun çevrəsinə, ailəsinə yaxın olan idmançılardır. Aynar Məmmədovun da yaxın çevrəsində görüntülənmiş insanlardır. Bu məsələnin ictimai əhəmiyyəti o dərəcədə yüksəkdir ki, onu ictimailəşdirmək məcburiyyətində qaldıq. İstintaq davam edir, bəlkə başqa versiyalar ortalığa çıxacaq. Biz iddia etməmişik, sadəcə şübhələrimizi, əlimizdəki məlumatları bildirmişik, şəkilləri paylaşmışıq. Burada başqa məsələ yoxdur. Fərahim İlqaroğlu zərərçəkmişdir, sui-qəsdə uğrayıb. Onun müxtəlif versiyalar və şübhələr yönündə mülahizələr irəli sürmək hüququ var. Biz ona bu hüququ tanıyırıq. İdmançı qrupunun bu işi pulla icra etdiyi haqqında əlimizdə məlumat var. Həmin şəxslər istintaqa ifadə veriblər. Həbs olunanlar Fərahim İlqaroğlu ilə üzləşərkən özləri etiraf ediblər. Biz bu materiallar əsasında çıxış edirik. Ziya Məmmədov və onun ailəsi ilə bağlı heç bir kampaniya aparmaq niyyətimiz yoxdur. Əksinə, Bakı rayonunun icra başçılarının birindən şübhələnirdik. Ki, bu sifarişin arxasında o dura bilər. Şübhələrimiz yenə də qalır. O istiqaməti də gözləyirik. İstintaqın nəticəsindən sonra dəqiq mülahizə irəli sürüləcək”.

Qeyd edək ki, millət vəkili Elton Məmmədov “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyməyi sifariş verən Tural Bayramovun oğlu Aynar Məmmədovla əlaqəsinin olub-olmaması barədə Teleqraf.com-a açıqlamasında deyib: “O oğlanı tanımırıq, tanımırıq, tanımırıq! Vəssalam. “Yeni Müsavat”ın yazdıqlarına şərh vermək istəmirəm, vəssalam. Bir kampaniyadır, başladıb, onlara cavab vermirik”.

Xatırladaq ki, yayılan məlumatlara görə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxs danışıb. O, jurnalistin döyülməsi barədə Tural Bayramovdan sifariş aldığını etiraf edib. K-1 döyüş növü üzrə tanınmış idmançının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq etdiyi deyilir.

Nərgiz


Müəllif: