21 Aprel 2022 13:20
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağaların aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, artıq əksər ölkələr tibbi maskadan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv edib: “Hətta bu məsələlərə konservativ yanaşan liberal Amerika Birləşmiş Ştatlar da yeni yumşalmalar barədə qərar verdi.

Karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizmin inkişafı baxımdan vacibdir. 2021-ci ildə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payına düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Qeyd edim ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründüyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir”.

Artıq yeni turizm mövsümü başladığını deyən Vüqar Bayramov hesab edir ki, qaydaların yumşaldılması ölkəyə gələn turist sayını kəskin artıracaq: “2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı