7 May 2022 20:53
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 1 həftə ərzində 2 məktəbli qız hündür mərtəbəli binadan özlərini yerə ataraq intihar edib. Səbəblər sırasında imtahanda zəif nəticə və valideyn təzyiqi göstərilir. Səbəb nə olur olsun, gül balalarımızın gözlərimiz qarşısında özlərinə qıyması çox üzücüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Komitə üzvü hesab edir ki, burada həm məktəblərin həm də valideynlərin üzərinə ciddi vəzifələr düşür: “Dinimizdə intihar ən böyük günah əməllərdən sayılır. Məktəblərdə, ailələrdə, mediada bu mövzuda geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Burada məktəb psixoloqlarının da üzərinə ciddi vəzifələr düşür”.

Millət vəkili bildirib ki, valideynlər də övladları ilə münasibət və rəftarda çox diqqətli olmalıdır: “Onlarla daha çox vaxt keçirməli, problemlərinə həssas yanaşmalı, təzyiqdən uzaq olmalıdırlar. Əks halda bu hadisələrin davamlı baş verməsinin şahidi olacağıq. Dəyərli gənclər, siz də bilməlisiniz ki, intihar heç bir çətinlikdən çıxış yolu deyil. Bunu etməklə böyük günah qazanmaqla yanaşı, sizi sevənlərə də böyük iztirab və kədər yaşadırsınız. Problem varsa, müzakirə etmək, çıxış yolu axtarmaq lazımdır. Allah bütün gül balaları qorusun”.


Müəllif: Tapdıq Qurbanlı