Baş Prokurorluq və Təhsil Nazirliyi Bakıda məktəbdə şagirdin ölümü ilə bağlı birgə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda deyilir:
"Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda araşdırma davam etdirilir".
Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb.