20 May 2022 15:05
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər mediada və sosial şəbəkələrdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bir neçə şöbə müdirinin həbs edilməsi barədə məlumatlar yayılıb.

Teleqraf.com Birliyin Hüquq departamentinin rəisi Vüqar Eyvazovdan məsələyə münasibət öyrənib.

Departamentin rəhbəri qeyd edib ki, hər bir halda yoxlama, nəzarət idarəçilikdə tətbiq edilən əsas üsullardan biridir: “Heç şübhəsiz zərurət yarandığı təqdirdə və yaxud da aidiyyəti qurumlar tərəfindən məqsədəuyğun hesab edildiyi halda bütün qurumlar müvafiq qaydada yoxlanılır. Hər bir yoxlama, nəzarət və yaxud da həyata keçirilən əməliyyatı onun nəticəsinə uyğun olaraq qiymətləndirmək lazımdır.

“Azəriqaz” İB fəaliyyətini eyni tərkibdə davam etdirir. Bu, qəbul edilən normal bir təcrübədir. Əgər zərurət yaranarsa, müvafiq qaydada sorğular cavablandırılacaq, hesabatlar aidiyyəti üzrə təqdim ediləcəkdir. Ümumilikdə bu bir idarəçilik üsuludur ki, ondan istifadə edib müvafiq sahəyə nəzarətin təmin edilməsi və ya gücləndirilməsi həyata keçirilir”.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə məsələyə bir neçə saytın xüsusi qərəzlə yanaşdığını deyib: “Əgər hansısa həbslər baş verirsə, bu zaman həbsi icra edən orqana müraciət edib bu barədə məlumat alırıq. Əgər fakt təsdiqlənmirsə, deməli, bu məsələnin kökü yoxdur, dedi-qodu, ehtimal daha çoxdur. Media bu məsələyə çox adekvat və hüquqi tərəfdən yanaşdı. Bir neçə sayt bu məsələyə xüsusi qərəzlə yanaşdılar, hətta heç bir qurum faktı təsdiqləməsə belə, təsdiqedici formada bu məsələni gündəmə gətirmək istədilər. Amma jurnalistikanın qızıl qaydaları var və bu qaydalara riayət edən peşəkar həmkarlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, Baş Prokurorluq "Azəriqaz"da həbslərlə bağlı faktı təsdiqləməyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər