“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu və “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ilə bağlı açıqlaması qardaş ölkənin mötəbər xəbər portallarında dərc edilib.
Teleqraf.com xəbər verir ki, Aqil Ələsgər “Haber7”, “Yeni Akit”, “Timeturk.com.tr” və digər xəbər saytlarında yayımlanan açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərindən danışıb, hər iki ölkənin yüksək vəzifəli şəxslərinin və dövlət rəhbərlərinin qarşılıqlı ziyarətlərinin, çıxışlarda səsləndirilən fikirlərin dünyaya bir mesaj olduğunu söyləyib.
“Azərbaycanla Türkiyə arasında münasibətlərin xüsusilə son dövrlərdə dərinləşdirilməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük məmnunluqla bəhs etdiyimiz məsələdir. Qardaş ölkələrimiz arasındakı münasibətlərin indiki səviyyəsi, həqiqətən də, “Bir millət, iki dövlət” prinsipinin ruhuna tamamilə uyğundur”, – deyən Aqil Ələsgər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb:
“Çox əlamətdardır ki, dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın böyüməsi üçün mövcud potensialı maksimum dəyərləndirirlər. Mütləq qeyd olunmalıdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində həm də Türkiyənin siyasi-mənəvi dəstəyi sayəsində əldə etdiyi böyük Zəfər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb və bunlardan səmərəli şəkildə istifadə olunmaqdadır. O baxımdan, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında yaxından iştirak etmələri xüsusi vurğulanmalıdır”.
“Azərbaycanla Türkiyə arasında əməkdaşlığın iki ölkənin media və QHT sektoruna da geniş surətdə yayılması günümüzün müsbət reallığıdır. Bakıda bu il mayın 19-da təşkil olunan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu sektorda işbirliyinin genişlənməsinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Əlbəttə, iki qardaş ölkənin mediası ilə QHT sektoru arasında əməkdaşlığın dərinləşməsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun göstərdiyi mühüm səylər özəlliklə qeyd olunmalıdır. Hörmətli Hacıyevlə Altunun bu prosesə verdikləri töhfə iki ölkənin media ilə ictimai sektor təmsilçilərinin daha da yaxınlaşmasına, onların əməkdaşlıq imkanlarını qiymətləndirmələrinə, bu istiqamətdə əməli addımlar atmalarına mühüm təkan verməkdədir”, – deyə Media Qrup rəhbəri qeyd edib.
Aqil Ələsgər rəhbəri olduğu “Yeni Çağ” Media Qrupunun Türkiyə mediası və QHT-ləri ilə sıx əməkdaşlıq etdiyini bildirərək bunları deyib:
“Bunun nəticəsi olaraq çox sayda birgə layihələr həyata keçirilib. Bu sırada “Yeni Çağ”la Türkiyə Anadolu Yayımçılar Dərnəyi, onun rəhbəri Sinan Burhanla əməkdaşlığımızı, birgə layihələr gerçəkləşdirdiyimizi məmnunluqla diqqətə çatdırıram. İnanıram ki, bu istiqamətdə görülən tədbirlər nəticəsində Azərbaycan-Türkiyə əməkdaşlığının digər sahələrində yetişdiyimiz səviyyəyə media ilə QHT sektorundakı işbirliyində də yetişəcəyik.
Hər iki ölkə liderinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında bir araya gələrək buradan dünyaya ötürdükləri mesajlar bizim bu inancımızı daha da qüvvətləndirir”.
Qeyd edək ki, Aqil Ələsgər mütəmadi olaraq Türkiyə və Azərbaycan münasibətləri, birgə həyata keçirilə biləcək layihələr, əməkdaşlığa töhfə verə biləcək istiqamətlərlə bağlı qardaş ölkənin çoxsaylı oxucu kütləsi olan prestijli xəbər saytları və internet portallarında açıqlama və məqalələrlə çıxış edir.