Bu gün Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb.
Teleqraf.com xəbər verir ki, dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.
2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib.
Bu iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar.
“Ortaq Türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir.
V Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyir, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin edir və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürürlər.