Bu gün Bakıda Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclası keçirilir.
Trend-in məlumatına görə, iclas Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə 30 noyabr - 6 dekabr tarixlərini əhatə edir.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsinin vacibliyini vurğulayıb: “Biz anlayırıq ki, qloballaşma dünyasında gənclərin rolu nə qədər böyükdür. Bütün ölkələrdə gənclərin rolu prioritet olmalıdır. Azərbaycanda bu, belədir. Ölkə başçısı 2-ci dəfə gənclər üçün dövlət proqramını imzalayıb. Ölkəmizdə 230-dan çox gənclər təşkilatı var ki, onlar gənclərin həyatında mühüm işlər görürlər”.
Nazir deyib ki, tələbələr cəmiyyətdə mühüm rol oynayırlar: “Biz hökumət olaraq öz tələbələrimizi çox aktiv şəkildə xaricə göndəririk və onların orada bütün xərclərini dövlətimiz öz üzərinə götürüb. Biz BMT ilə çox yaxından əməkdaşlıq edirik. Elə bu il ilk dəfə Azərbaycan Qlobal Foruma da ev sahibliyi edib. 5 il öncə biz ATGTİ-ni yaratdıq və bu təşkilat ölkənin ən aktiv təşkilatlarından birinə çevrildi. Təşkilatın keçirdiyi layihələr isə yaddaqalan olub”.
Nazir deyib ki, gənclər ölkənin idman həyatında da fəaldır: “Azərbaycanda 2015-ci ildə Yay Olimpiya Oyunları keçiriləcək. Artıq çox sayda tələbə gənclər var ki, onlar bu oyunların təşkilatçılıq işində bizimlə əməkdaşlıq üçün öz könüllülük ərizələrini verirlər. Əminəm ki, bizim bu forum ərzində hazırlayacağımız sənədlər həm öz ölkəmiz, həm də Avropa Şurası üçün mühüm rol oynayacaq”.