18 İyul 11:04
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin aidiyyəti qurumlarının, həmçinin Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə birgə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Səbayıl rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi “Azneft” İB-nin Bibiheybət Neft Qazçıxarma İdarəsinin 3-cü mədən ərazisində keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib ki, ərazinin ümumi sahəsi təxminən 90 hektardır. Onun sözlərinə görə, 40 hektar ərazidə yerləşən Mərkəzi Neft Yığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün 5 ədəd çən mövcuddur: "Bunların beşi 2000 m³ , iki çən isə 1000 m³ həcmdə xam neftin saxlanması üçün nəzərdə tutulub və 500 metr məsafədə yerləşən Neft Kəmərləri İdarəsinə bu çənlərdən neft nəql olunur. Ərazidə 150 quyu, 70 ədəd mancanaq dəzgahı, neft çöküntüləri yığılan kiçik həcmli çənlər, kollektor və boru xətləri, qaz kompressor və separator qurğuları, neft qızdırıcı sobalar mövcuddur. Bununla yanaşı, ərazidən “Azərişıq” ASC-yə məxsus 110 kV-luq yarımstansiyadan ayrılan yüksək gərginlikli elektrik xətləri, “Azəriqaz” İB-nə məxsus Badamdar qəsəbəsi Qaz təmizləyici məntəqəsindən ayrılan 325 millimetrlik orta təzyiqli qaz boru kəməri keçir. Bir sözlə sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından bu ərazi riskli yaşayış zonası hesab edilir. Ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir".

Aqşin Kazımov əlavə edib ki, yaxınlıqda inşaat işləri aparan şəxslər, yaxud şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub: "Mövcud vəziyyəti qiymətləndirən FHN Dövlət Yanğın Nəzarəti Xidməti ərazilərin təmiz saxlanılması sahəsində cavabdeh olan bütün aidiyyəti qurumların əlaqədar təşkilatlarına qarşı mütəmadi olaraq yanğın təhlükəsziliyinə dair tələblər irəli sürür, o cümlədən inzibati tədbirlər görür. Bununla belə, hələ də belə hallar qalmaqdadır.

Ümid edirik ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin bu təşəbbüsü digər inzibati rayon və aidiyyəti cavabdeh dövlət təşkilatları tərəfindən dəstəyini alacaq. Bu istiqamətdə fəaliyyət regional səviyyədə də mütəmadi olaraq davam edəcəkdir".

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbüsü və təşkilatçılığı ilə əlaqədar qurumların, kommunal təsərrüfat işçilərinin cəlb edilməsi ilə ərazinin kol-kosdan, qamışlıq sahələrindən, tullantılardan təmizlənməsi, neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə geniş miqyaslı abadlıq işlərinə start verilib. Xüsusilə neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos qamışlıq sahələrinin təmizlənməsinə nail olunması məqsədilə rayon kommunal təsərrüfat işçilərinə ilkin olaraq məhz sözügedən sahələrdən işlərə başlanması tapşırılıb. Sonrakı mərhələdə ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılmalı və məişət tullantıları ərazidən kənarlaşdırılmalıdır.


Müəllif: Aysel Azad, Foto: Rüfət Mikayılov