Təhsil Nazirliyi internat məktəblərinin qapısını ictimaiyyətə açdı
Bu gwn Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mədəniyyət xadimlərindən bəstəkar Faiq Sücəddinov və müğənni İlqar Muradov, uşaqlarla bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları təmsilçiləri, jurnalistlər 11 saylı inteqrasiya təlimli və 8 nömrəli sanatoriya tipli internat məktəblərinə səfər etdi.
Nazirlik nümayəndələri qeyd etdi ki, 3 dekabr beynəlxalq əlillər gününə təsadüf edən səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmaq, burada təhsil alan və yaşayan uşaqlarla ünsiyyətə şərait yaratmaqdan ibarətdir.
Vərəmə meylli şagirdlər azalıb...
Səfər öncə 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirdən sıxmış 8 nömrəli sanatoriya tipli internat məktəbindən başladı. Tədris müəssisəsinin direktoru Nizaməddin Məmmədov bildirdi ki, 1963-cü ildən fəaliyyət göstərən internat məktəbi vərəmin ilkin və sönmüş formasında xəstəlikləri olan şagirdlərə təhsil verir: “Məktəbdə 291 uşaq – 198 oğlan, 93 qız təhsil alır və onların hamısının valideyni var. Uşaqlardan 100-ü evlərində gecələyənlərdir. 191 şagird həm burada təhsil alır, həm də yaşayır. 6-16 yaşlı şagirdlərin yaşadığı müəssisədə onlar üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. 15 sinifdə təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 58 müəllim məşğul olur. Şagirdlərin 30-40%-i dərslərini yaxşı oxuyur. Doğrudur, onların xəstəlikləri təhsillərinə müəyyən təsir göstərir. Amma buna baxmayaraq, onların hər biri ilə fərdi formada səviyyələrinin qaldırılmasına çalışırıq”.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Qəni Mehdiyev dedi ki, 40 ildir bu məktəbdə işləyən müəllim kimi vərəmə meylli şagirdlərin sayının azaldığını müşahidə edib: “10 il öncə bu məktəbdə 360 vərəmli şagird vardı, indi 291-dir. Uşaqlar bura vərəm dispanserinin göndərişi ilə qəbul edirik. Ona görə bina dənizə yaxın ərazidə yerləşib ki, bu uşaqlar üçün təmiz hava və kalorili yeməklər əsasdır. Uşaqlarımız ildə iki dəfə tam həkim müayinəsindən keçir, gündəlik də ilkin müayinələri aparılır. Məktəbdə 2 həkim, 4 tibb bacısı və bir psixoloq fəaliyyət göstərir. Məktəbimiz 9 illik təhsil sistemi ilə fəaliyyət göstərir. 9-cu sinifdə uşaqların valideynləri ilə əlaqə saxlayıb onları ailələrə yönləndiririk. Məktəbimizin həkim, müəllim, polis işçisi, hətta Rusiyada yaşayan yazıçı məzunumuz var. Uşaqların geyim və qidasını Təhsil Nazirliyi təşkil edir”.
Uşaqların dərsdənkənar yaradıcılıq dərnəyində olduq. Xocavənd rayonundan Səriyyə Həsənova, Zəngilan rayonundan Sevinc Əlişova ilə tanışlıqdan məlum oldu ki, qızlar öz maraqlarına uyğun toxuma, tikmə işləri ilə məşğul olurlar. Onlardan biri özünü gələcəyin saç ustası, digəri əmək təlimi müəllimi kimi görür.
“Yanvardan müəllimlərin maaşı artacaq”
Müəllimlərin əməkhaqqı ilə maraqlandıq. Məlum oldu ki, məktəb direktorunun maaşı 300 manatdır. Xüsusi təyinatlı internat məktəbi olduğundan bu maaşa 15 faiz də əlavə edilir. Faiq Sücəddinov “Müəllimlərin əməkhaqqı çox azdır” deyə təəssüflə bildirdi.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov dedi ki, növbəti ilin yanvarından başlayaraq sınaq qiymətləndirməsindən uğurla keçən müəllimlərin əməkhaqqı iki dəfə artırılacaq.
“Yalnız xəstələnən uşaqlar dərsə gəlmirlər”
5 b sinfində olduq. Sinifdə jurnal üzrə 18 uşaq var. Şagirdlərdən biri dedi ki, 3 uşaq o biri sinfə informatika dərsinə köməyə aparılıb. Müxbirlərdən biri: “Olmaya şagird komplektləşdirilməsi üçün digər sinifdə uşaq sayını artırmaq üçün aparılıb?” Müəllim bu ehtimala etiraz etdi: “Əsla, bizdə belə problem yoxdur, yalnız xəstələnən uşaqlar dərsə gəlmirlər”.
Məktəbin yeməkxanasına olduq. C.Valehov dedi ki, ötən dərs ilindən başlayaraq nazirlik şagirdlərin vahid qida rejiminə və bu cür internat məktəblərində isə uşaqların xəstəliklərinə uyğun qida rejiminin təşkilinə ciddi önəm verir: “Özü də bu qidalanmanın təşkilini tenderdə qalib gələn ixtisaslaşmış şirkət təşkil edir. Bu məktəbdə uşaqların qidalanmasnı REM servis şirkəti həyata keçirir”.
Q.Mehdiyev dedi ki, balıq, ət, toyuq, bal, yumurta uşaqların qidasının əsasını təşkil edir.
İlqar Muradov kövrəldi...
Daha sonra nümayəndə heyəti 11 saylı inteqrasiya təlimli internat məktəbinə aparıldı. Məktəbdə yenicə fəaliyyətə başlayan yaradıcılıq sinfində dulusçuluq, musiqi alətləri hazırlayanlar, rəssamlıq və musiqiyə həvəs göstərən şagirdlərin əl işləri təqdim olundu. Valideynlərini itirən fiziki qüsurlu Ceyhun Kazımovun oxuduğu vətənpərvərlik mahnıları müğənni İlqar Muradovu kövrəltdi. Ceyhun dedi ki, məktəbi bitirib, qalmağa yeri olmadığı üçün məktəbin məzun sinfində qalır: “Direktorumuz sağ olsun ki, bizim evlə təmin olunmağımız üçün müxtəlif təşkilatlara müraciət edir”.
“Xüsusi təyinatlı internat məzunlarına ağ attestat verilməsin!”
Təhsil müəssisənin direktoru Gülnarə Abdullayeva məktəbin fəaliyyətindən danışdı. Dedi ki, məktəbdə 1131 şagird təhsil alır, onlardan 208-i xüsusi qayğıya ehtiyacı olanlardır: “İnternat məktəbindəki uşaqların cəmiyyətə inteqrasiya olunması çox vacib məsələdir. Özünüz də şahidi oldunuz ki, bu uşaqlar necə qabiliyyətlidir. Buradan Təhsil Nazirliyinə səslənərək bildirmək istərdim ki, onlar xüsusi proqramla oxuyub xüsusi təhsil aldıqları üçün təhsil müəssisəsini bitirəndən sonra ağ attestat alırlar və məktəbi qurtarandan sonra heç bir növbəti təhsil pillələrinə gedə bilmirlər. Çox istərdim ki, bu uşaqlar öz istedadları ilə incəsənət, musiqi, rəssamlıq akademiyalarına və digər təhsil müəssisələrinə qəbul oluna bilsinlər”.
“Hərəmizə 10-12 qüsurlu uşaq həvalə edilib”
Qeyd edək ki, mətbuatda döyülən uşaqla bağlı ajiotaja səbəb olan və fəaliyyəti dayandırılan 7 saylı xüsusi internat məktəbinin şagirdləri də bu məktəbə transfer edilib.
Tərbiyəçi-müəllimlərdən biri ilə söhbət etdik. Dedi ki, fiziki qüsurlu uşaqlara qayğı və təhsil göstərmək onlar üçün olduqca çətindir: “Hər müəllimə 10-12 fiziki qüsurlu uşaq həvalə edilib. Əməkhaqqımız isə 50 faiz artımla birgə 300-350 manatdır. Bu cür həssas uşaqlarla işləməyin qarşılığında, hesab edirəm ki, bu az məbləğdir”.
Bu yaxınlarda 11 saylı internat məktəbində qulağının yandırılmasını ictimailəşdirdiyinə görə, işdən çıxarılan Mülkicahan Əliyeva ilə bağlı jurnalist Səbuhi Məmmədli məktəb direktoruna sual etdi: “Rəhbərliklə müəllim arasında intriqanın yaşanması təhsilin keyfiyyətinə mənfi təsir etmirmi?”
“Səhv informasıya məsələni qəlizləşdirdi”
Direktor dedi ki, məktəbdə 10 aydır fəaliyyət göstərir və məktəbin işini yaxşılaşdırmaq üçün gecə-gündüz burada qalır: “Çox təəssüf ki, mətbuata düzgün informasiyalar verilmədi və kollektivimizin birgə işinə xələl gətirmək cəhdləri oldu, bu da məsələni qəlizləşdirdi, buna görə də müvafiq tədbir görüldü. Artıq hüquq-mühafizə orqanlarında araşdırmalar gedir. Məktəbimiz 2005-ci ildə təmir olunub. Məktəbdə qaz yoxdur, su təminatımız daşınma yolu ilə həll edilir. Təmir işləri hissə-hissə görüləcək. Bununla da internat məktəbinin həm fəaliyyəti dayanmayacaq, həm də əsaslı təmir olunacaq”.
C.Valehov sonda bildirdi ki, internat məktəblərində oxuyan uşaqların cəmiyyətə inteqrasiyası üçün bu cür tədbirlərin təşkili intensivləşəcək.
Sevil HİLALQIZI