10 Avqust 2022 16:09
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlidir.

“Ortaq türk tarixi, ədəbiyyatı və coğrafiyası dərslikləri artıq ölkələrimizdə tədris edilməyə başlayacaq”

– Füzuli müəllim, Beynəlxalq Türk Akademiyası hazırda Türk dünyasında mühüm beynəlxalq təşkilat statusu daşıyan qurumlardan biridir. Ümumiyyətlə, bu qurumun Türk xalqları üçün əhəmiyyəti, üzərinə götürdüyü missiya barədə danışmağınızı istərdik...

– BTA-nın yaradılması ilə bağlı qərar 2009-cu ilin oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının Naxçıvan Sammitində qəbul edilib və Akademiya fəaliyyətə 2010-cu ilin may ayında başlayıb. 2012-ci ildə BTA Bişkek Zirvə görüşündə beynəlxalq status alıb və 2014-cü ildə beynəlxalq təşkilat olaraq fəaliyyətə başlayıb. İlk dəfə rotasiya qaydasında Akademiyaya rəhbər təyin olunub. Təbii ki, ev sahibi olduğu üçün birinci rəhbər qazasıxtanlıdır. Hazırda təşkilatın prezidenti Darxan Kıdırəlidir. Akademiya ilə yanaşı bir neçə böyük təşkilat var ki, hazırda Türk coğrafiyası üçün çalışır. TDT, Türksoy, TürkPA, Türk Mədəniyyəti İrsi Fondu. İki təşkilat Türkiyədə, ikisi Azərbaycanda və bir təşkilat Orta Asiyada yerləşir. Orta Asiyada yerləşən BTA-dır. Əlbəttə, məqsədlər çoxdur. Əsas məqsəd isə Türk dünyasında elm və təhsil sahəsində əlaqələndirmələr həyata keçirmək, Türk dünyasının qədim tarixi-mənəvi irsini araşdırmaq, ortaya qoymaq və dünyaya tanıtmaqdır. Ümumiyyətlə, təhsil, elm siz də bilirsiniz ki, yumşaq güc sayılır. Əslində, ortaq düşüncənin formalaşdırılmasına xidmət göstərən ən vacib prinsiplərdən biridir. Türk Akademiyası da böyük İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarı üzərində yaradılmış, bu tezisi özünə əsas şüarlardan biri kimi seçmiş qurumdur. Bu bizim fəaliyyətin əsas devizimizdir. Əlbəttə, bütün bunlar gələcəkdə Türk dünyası anlayışının vahidləşməsi, düşüncə ümumiliyinin təmin edilməsinə xidmət edir. Yeri gəlmişkən, BTA institutlaşma prosesini yekunlaşdırıb. Çünki hər hansı beynəlxalq təşkilatın fəaliyyətə başlaması üçün bir sıra vacib sənədlər var. O sənədlər həll olunmalıdır, Türk dövlətəri rəhbərləri tərəfindən imzalanmalar həyata keçirilməlidir. Bunlardan ən vaciblərindən biri, Akademiyanın yerləşməsinin şərtləri və qaydalarını, statusunu müəyyənləşdirən müfaviq sənəd Qazaxıstan Respublikası hökuməti ilə BTA arasında müqavilə imzalandı. Artıq Akademiya Vyana Konvensiyasının prinsiplərinə əsasən tamhüquqlu beynəlxalq təşkilat kimi fəaliyyət göstərməyə başladı. Bununla biz ilk dəfə olaraq, üzv ölkələrdən əməkdaşlar qəbul etməyə başladıq və ilk vitse-prezident də Azərbaycandan təyin olundu. İndi Akademiyanın tam tərkibdə fəaliyyət göstərməsi üçün heç bir maneə qalmamışdır. Üzv ölkələrdən yeni əməkdaşların cəlb olunması ilə Akademiyanın çox güclü bir quruma çevriləcəyi heç kəsdə şübhə doğurmur. Yeri gəlmişkən, Akademiyanın qurucu üzv ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan və Özbəkistan müşahidəçi üzvlərdir. Son illər BTA tərəfindən Türk dünyasının önəmli günlərinə, böyük şəxsiyyətlərinə, dövlətçilik tarixinə həsr olunmuş fundamental layihələr, onlarla beynəlxalq konqres və forum, seminar və dəyirmi masalar keçirilib. Tədbirlər müvafiq olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Rusiya Federasiyası, Macarıstan, ABŞ, Monqolustan, Fransa, Özbəkistan və digər ölkələrdə təşkil olunmuşdur.

– Ortaq türk tarixi, türk coğrafiyası və ədəbiyyatı proqramlarının işlənib hazırlanmasında, bu sahənin inkişaf etdirilməsində BTA-nın rolunu və perspektivlərini necə qiymətləndirirsiniz ?

– Akademiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bu ortaq dərsliklər məsələsidir. Ortaq dərsliklər, əslində, ortaq kimliyin müəyyənləşməsinin vacib faktorlarından biridir. Çünki tarix bizim ortaq keçmişimizi bəlli edir, ədəbiyyat ortaq düşüncəmizi formalaşdırır, coğrafiya isə bizə vahid məkan anlayışını təlqin edir. Bu baxımdan, bu üç dərsliyin seçilməsi, məktəblərimizdə ortaq şəkildə tədris olunması akademiya qarşısında dövlət başçılarımız tərəfindən qoyulan ən vacib tapşırıqlardan biri idi. Artıq 10 il öncə ortaq türk tarixinin yazılması ilə başlayan bu proses nəhayət bu il sona çatdı və bilirsiniz ki, bir neçə gün öncə Nur-Sultan şəhərində keçirilən BTA-nın Elmi Şurasının V İclasında təhsil nazirlərimiz tərəfindən də təsdiq olundu. Nəticə olaraq, ortaq türk tarixi, ədəbiyyatı və coğrafiyası dərslikləri artıq ölkələrimizdə tədris edilməyə başlayacaq. Ola bilər bu bəzi ölkələrdə seçmə yolla, bəzilərində isə icbari yolla həyata keçirilsin. Önəmli olan odur ki, belə mötəbər qərar qəbul olunub. Bir haşiyə çıxaraq qeyd edim ki, əslində, həm Azərbaycanda, həm də Qazaxıstanda 2018-ci ildən etibarən ortaq türk tarixi tədris olunurdu. Amma müəyyən qədər seçməli fənn olaraq, pilot layihə olaraq öyrənilirdi. Təhsil nazirliyinin verdiyi məlumata görə, ötən il Azərbaycanda təxminən 150 məktəbdə pilot layihə olaraq bu fənn tədris olunub. Eyni zamanda Qazaxıstanda və Türkiyədə də bu seçməli fənn olaraq tədris olunmuşdur.

Ortaq tarix, ədəbiyyat və coğrafiya fənnləri yazılarkən biz nəyə diqqət etmişik? Deməli, hər bir ölkənin fərqli təhsil sistemi var. Onların koordinasiyası, yaxınlaşdırılması istiqamətində işlər gedir. Bununla belə, hər bir ölkənin özünün kurikulumu, fərqli tədris metodları var, fərqli yanaşmaları var. Xüsusilə tarixə baxış məsələsində hər bir dövlətin öz yanaşması var. Bizim əsas məqsədimiz ortaq nöqtələri tapıb birləşdirməkdir. Tarix riyaziyyat deyil, hər hansı bir dəqiq fənn deyil. İllər, günlər dəqiq ola bilər, lakin yanaşmalar, hadisələrlə bağlı baxışlar fərqli ola bilər. Bu baxımdan, biz çətinliklərlə qarşılaşsaq da, ortaq məxrəcə gəlmək üçün bu ilin may ayında İstanbulda 3 gün müddətinə BTA-nın ekspertləri, üzv ölkələrin təhsil nazirliklərinin nümayəndələri çox gərgin bir iş ortaya qoydular. Mən fürsətdən istifadə edib, bu işdə böyük əmək sərf edən Akademiya ekspertlərinə, üzv ölkələrin təhsil nazirliklərinə də təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən bizi birləşdirə biləcək ortaq nöqtələrə təmas etməyə çalışdılar. Xüsusən bu məqama diqqət yetirdik ki, bizi birləşdirən dəyərlər bu proqramlarda öz əksini tapsın. Tarixin, ədəbiyyatın, coğrafiyanın birləşdirici gücünü müəyyənləşdirən məqamları tapmaq əsas məsələ oldu.

– Ortaq tarix demişkən, bəzən indi də tarix kitablarımızda sovetdən qalma müəyyən yanaşmalar davam edir. Məsələn biz “Dədə Qorqud” dastanına sahiblənirik. Çünki oğuz türklərinin dastanıdır. Böyük Səlcuq dövləti də oğuz türklərinin qurduğu imperiyadır. Ammma hələ də dərsliklərdə səlcuqlara yad yanaşma mövcuddur. Bu tendensiya Türkiyə tarix proqramlarında Səfəvilərə münasibətdə də mövcuddur. Halbuki, bu ortaq tariximizdir...

– Yadınızdadırsa, Cənab Prezidentin ötən il “Bayraq günü” ilə bağlı sosial mediada bir paylaşımı olmuşdu və orada dövlətçiliyimizi təmsil edən ilk bayraq kimi Səlcuqlu dövlətinin bayrağı öz əksini tapmışdı. Yəni, səlcuqlular bizim ortaq tarixdir. Türk tarixinin önəmli hissəsidir. Təbii ki, tarixdə çox müharibələr olub. Bu müharibələr bir xalqın öz daxilində də, xaricində də baş vermişdir. Qardaş xalqların da arasında yetərincə qarşıdurmalar olmuşdur. Bizim məqsədimiz onları xatırlatmaq, onları yenidən təftiş etmək olmamalıdır. Biz keçmişimizdən nəticə çıxarmaq üçün tariximizi öyrənməli, kədərli və sevincli nöqtələri birgə oxumaq, öyrənmək və təbliğ etmək istəyimizi hər zaman inkişaf etdirməliyik. Hər dövrün öz şərtləri olub. Tarixi hadisələrə də həmin dövrün şərtləri müqabilində baxmaq lazımdır. Bizim də məqsədimiz həmin tarixi hadisələrə qiymət vermək deyil. Obyektivliyi qorumaq və daha çox bizi birləşdirən dəyərləri ön plana çəkməkdir. Hazırda ortaq tarix dərsliyi, əsasən XV yüzilliyə qədərki, dövrü əhatə edir. XV əsrdən sonra beynəlxalq münasibətlər yeni inkişaf dövrünə qədəm qoyur. Lakin XV əsrdən günümüzədək olan dövrlər də yazılacaq. Bu, BTA-nın məqsədlərindən biridir. Amma bu elə də asan iş deyil, ona görə də yeni mərhələ daha fərqli, daha geniş spektrli mütəxəssislərin iştirakı ilə hazırlanacaq.

– Türk dünyasının inkişafı və birliyi üçün təsis olunmuş Türk Dövlətləri Təşkilatı (TDT), TürkPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlar var. Bir az da Beynəlxalq Türk Akademiyasının bu təşkilatlarla qarşılıqlı əlaqələrindən söhbət açardınız...

– Təbii ki, bu təşkilatların hamısı qohum, lakin müstəqil qurumlardır. Həm də bir-birilə sıx bağlıdırlar, bir-birilərini təkrarlamırlar. Məsələn Türk Dövlətləri Təşkilatının əsas işi ümumi koordinasiyanı həyata keçirmək, daha çox siyasi, iqtisadi, nəqliyyat və s. bu istiqamətdə olan əlaqələri inkişaf etdirməkdirsə, BTA daha çox elm və təhsil sahəsində işi əlaqələndirir. TÜRKSOY daha çox mədəniyyət sahəsində işləyir, Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə olan layihələrə dəstək verir. Onu da qeyd edim ki, Türk Dövlətləri Təşkilatının sonuncu sammitində qəbul olunan qərarlara görə biz ildə bir neçə dəfə toplanırıq. Bu toplanma sırf fəaliyyətimizi koordinasiya etmək üçündür. Bununla bərabər, bizim bir-birimizlə əlaqələrimizlə yanaşı beynəlxalq təşkilatlarla da əlaqələrimiz vardır və vacibdir. Bizim, Rusiya, Çin, Monqolustan, Koreya, Yaponiya və Avropanın bir sıra ölkələri ilə təhsil və elm sahəsində işləri koordinasiya edən qurumlarla nazirliklərlə çox geniş əlaqələrimiz qurulur. Çünki bilirsiniz, elm və təhsil sərhədsizdir. Biz elmin birləşdirici gücündən istifadə edərək həmin ölkələrlə rahat əlaqələr qura bilirik. Bu bizə nə üçün lazımdır? Bildiyimiz kimi, bu günədək bizim tariximiz də, ədəbiyyatımız da bir çox hallarda başqaları tərəfindən yazılıb. İndi bizim unikal şansımız var. Çünki 30 illik müstəqillik bizə kifayət qədər kadr hazırlığı baxımından fürsət verib. Bu bizə həm də şans verir ki, biz tariximizi də, ədəbiyyatımızı da özümüz yazaq, üzə çıxardaq. Bu fikrim milliyyətçi baxış anlamında deyil. Sadəcə öz mütəxəssislərimizi yetişdirmək üçün işin vacibliyini ortaya qoymaq məqsədidir. Yeri gəlmişkən, bir haşiyə çıxıb qeyd etmək istəyirəm ki, yaxın zamanlarda BTA-nın magistratura və doktorantura proqramı olacaq. Bu proqram dünyanın nüfuzlu ölkələrinin universitetləri ilə birlikdə daha çox türkologiya istiqamətində həyata keçiriləcək. Amma türkologiya da deyərkən, sadəcə linqivistika və dil biliyindən söhbət getmir. Həm Türk dünyasının siyasi, iqtisadi, kommunikasiya, tarix, ədəbiyyat, mədəniyyət sahəsini araşdıra bilən xüsusən gənclərimizi ən yüksək təqaüdlə təmin edərək, onlara böyük zəhmət tələb edən araşdırmaçılıq yoluna dəstək olmaq üçün bu proqramlara start vermək niyyətindəyik. Eyni zamanda, böyük Türk mirasının yatdığı Pakistan, Hindistan, Əfqanıstan, Çin, Rusiya kimi ölkələrlə əlaqələrimizi gücləndirməyə ehtiyacımız var. Bu məsələ də bizim prioritet istiqamətlərdən biridir.

– Gələcəkdə Beynəlxalq Türk Akademiyasının Bakıda və digər türkdilli şəhərlərdə filiallarınını açılması barədə düşünülürmü ?

– Sözün düzü, belə bir məsələ hələ nəzərdə tutulmayıb. Gələcəkdə bu məsələlərə baxıla bilər. Akademiyanın indiki rəhbəri Darxan müəllim ölkəmizə səfəri zamanı təklif etdi ki, Akademiyanın bir nümayəndəliyi elə Şuşa şəhərində ola bilər və bütün zəruri işlərimizi koordinasiya edər. Əlbəttə, bunu zaman göstərəcək.

– Digər türk ölkələrindən tədqiqatçıların cəlb edilməsi prosesi həyata keçirilirmi ?

– Akademiyanın mövcud heyəti əsasən Qazaxıstan vətəndaşlarıdır. Bu onunla bağlı idi ki, Akademiyanın yerləşmə şərtlərini və qaydalarını müəyyənləşdirən müqavilə Qazaxıstan Respublikası ilə Türk Akademiyası arasında imzalanmışdı, amma təsdiq edilməmişdi. Bu ilin əvvəlində Qazaxıstan prezidenti tərəfindən təsdiq edildi. Artıq bununla bağlı heç bir maneə qalmayıb. Bəzi büdcə məsələlərini yoluna qoyduqdan sonra təbii ki, biz həm bütün üzv dövlətlərdən əməkdaşlar cəlb edəcəyik. Bu həm akademiyanın heyətini daha da gücləndirəcək həm də tədqiqatçılıq missiyasını daha keyfiyyətli, dərin formaya salacaq.

– Beynəlxalq Türk Akademiyası hansı önəmli layihələr üzərində çalışır ?

– Ümumiyyətlə, Akademiya yarandığı gündən üzv ölkələrlə bağlı müəyyən layihələr həyata keçirib. Xüsusən, UNESCO ilə birgə ardıcıl 3 önəmli beynəlxalq forum keçirilmişdir. Təəssüfər olsun ki, pandemiya ilə əlaqədar ötən il biz növbəti forumu keçirə bilmədik. BMT-nin Sivilizasiyalararası Alyansı, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla geniş əlaqələr yaratmışıq. Təbii ki, hər il Akademiyanın Elmi Şurası toplanır. İl ərzində Akademiyanın əsas fəaliyyət istiqamətlərinin nələrdən ibarət olacağını, türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin, əlamətdar günlərinin qeyd edilməsini təşkil etməyi planlaşdırır. Bu ona görə lazımdır ki, dünya elminə, mədəniyyətinə böyük töhfələr vermiş Türk böyüklərinin irsini ortaya çıxarmaq, tanıtmaq, təbliğ etmək olduqca vacib məsələdir. Məsələn, Biruni, İbn Sina, Fərabi, Mahmud Kaşğarlı, Yusif Xas Hacib, Tonyukuk, Orhon kitabələri və s. məsələlərin dünya səviyyəsində populyarlaşdırılması qarşıya qoyduğumuz vacib istiqamətlərdən biridir. Altaylardan, Monqolustandan başlayan Qazaxıstanda davam edən ekspedisiyalarımız var. Bu elmi-tədqiqat ekspedisiyalarımız BTA-nın işinə mühüm töhfələr verir. Biz bu ekspedisiyaların işıqlandırılmasına media nümayəndələrini də cəlb edirik. Təşkilatımızın vacib layihələrindən biri də ortaq türk əlifbasının hazırlanmasıdır. Akademiya bir sıra nəşrləri ortaq əlifba ilə çap edib. Bundan əlavə, türk dünyasının müqəddəs məkanları layihəsi var. Bu da Akademiyanın mühüm layihələrindən biridir. Bundan əlavə, Monqolustandan Macarıstana qədər geniş ərazidə türk xalqlarına aid tarixi və müasir coğrafi adları (yaşayış məskənləri, yer, su, dağ, çay adlarını və s.) tədqiq etmək, Skiflərdən tutumuş müasir dövrədək türk xalqlarına aid toponimlərin tarixi mənbələr və xəritələr əsasında xronoloji şəkildə necə dəyişdiyi, təkamülünü əks etdirən fundamental ensiklopedik nəşr – “Türk dünyasının toponimlər atlası”nın hazırlanmasına başlanmışdır. Akademiya indiyədək 160-dan çox kitab nəşr edib. Həmçinin, BTA tərəfindən dünya mədəniyyətinə mühüm töfhələri olan türk əsilli böyük şəxsiyyətlərlə bağlı layihə həyata keçirilməkdədir. "Türk dünyasının böyük şəxsiyyətləri" layihəsi çərçivəsində bəşəriyyət tarixində iz qoyan şəxsiyyətlər haqqında ensiklopedik məlumatların toplandığı nəşrlər hazırlanmaqdadır. Azərbaycanda “Şuşa ili” ili ilə əlaqədar BTA Qarabağın tarixi, mədəniyyəti, coğrafiyasını öyrənməyi və təbliğ etməyi məqsəd qoyan layihələr həyata keçirməyi də planlaşdırır.

- Akademiyanın elmi və ya kütləvi, elektron və ya çap media resursları necə, varmı ?

- Akademiyada “Global Türk” və “Altayistika və Türkologiya Araşdırmaları” elmi jurnalları çap olunur. Qarşıdakı ildə onları impakt-faktor sisteminə qoşmağı planlaşdırırıq. Akademiyanın hazırda dörd dildə internet portalı (www.twesco.org) fəaliyyət göstərir. 2015-cu ilin noyabr ayından başlayaraq 4 dildə "Turkic Weekly" həftəlik elektron xülasəsi çıxır (indiyədək 100-dən artıq nömrə çıxmışdır). Bütün bunlar Akademiyanın elmi və kütləvi informasiya istiqamətində fəaliyyətini Türk audiotoriyasına çatdırmağa xidmət edir.

– Beynəlxalq Türk Akademiyasının təmsilçisi kimi, Türk dünyasının bir-birilə daha sıx təmasını və birliyini təmin edən informasiya amilini və perspektivini necə qiymətləndirirsiniz ?

– Bu məsələ Türk dünyası üçün hava və su kimi zəruri olan bir məsələdir. Hansı ki, 44 günlük Vətən Müharibəsində də bunun şahidi olduq. Məlumdur ki, Azərbaycan təkcə ordu ilə savaşmadı. İnformasiya cəbhəsində qalib olmaq Azərbaycanın qarşılaşdığı qaçılmaz reallıq idi. Bilirsiniz ki, düşmən ölkə bizə qarşı hansı çirkin təbliğat üsullarına əl atırdı. Buna görə də Azərbayca öz haqlı mövqeyini, atdığı addımları dünya ictimaiyyətinə bəlli etməkdə haqlı ola-ola müəyyən mənada çətinliklərlə qarşılaşırdı. Vətən müharibəsində cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında hərbi sahədə olduğu kimi, informasiya sferasında da erməni təbliğatını puç edən tam fərqli bir mənzərə ortaya qoyuldu. Amma bu həm də bizim üzərində işləməli olduğumuz məqamları da ortaya çıxardı. Proses onu göstərdi ki, xüsusilə Türk ölkələri arasında informasiya cəbhəsində nə qədər boşluqlar var. Biz informasiya sahəsində aradan qaldırılması vacib olan problemlər üzərində daha çox birgə işlənməliyik. Təsəvvür edin ki, eyni dili, dini, mədəniyyəti paylaşan bizlər bir çox hallarda bir birimizdən məlumatsız qalırdıq. Biz bu boşluqları ortadan qaldırmaq üçün bizim birbaşa əlaqələrimiz olmalıdır. Təbii ki, burada dillə bağlı çətinliklər var. Bir çox hallarda ünsiyyətimizi məcburiyyətdən dolayı üçüncü bir dil vasitəsilə qururuq. Lakin ünsiyyət resurslarımız getdikcə inkişaf etməkdədir. Bu günlərdə Prezident İlham Əliyev Özbəkistan səfərində də dedi ki, biz eyni dili danışırıq, rahat anlaşırıq. Əslində, elə qazaxlarla da, özbəklərlə də, qırğızlarla da bir neçə gün ünsiyyətdə olanda aydın olur ki, sözlərimizin əksəriyyəti eynidir və bir-birimizi anlaya bilərik.

“44 günlük Vətən müharibəsi Azərbaycanın və digər türk ölkələrinin vahid informasiya fəzasının olmasının vacibliyini ortaya qoydu”

Yeri gəlmişkən, 2017-ci ildə BTA-nın tərkibində Dil və Teminologiya Komissiyaı quruldu. Məqsəd bizim ortaq keçmiş sözlərimizi özümüzə qazandırmaq, bununla yanaşı ölkələrimizin qəbul etdikləri yeni siyasi, iqtisadi, texnoloji terminlərin ortaq qarşılığın tapmağı hədəfləməkdir. Bu çox mühüm faktordur. Bu komissiyanın işinin yaxşı qurulması da dillərimizin xeyli yaxınlaşmasına xidmət edər. Təxminən bir 10-20 il sonra biz bu yaxınlığı hiss etməyə başlayacağıq. Bu baxımdan, qəti əminliklə söyləmək olar ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın və digər türk ölkələrinin vahid informasiya fəzasının olmasının vacibliyini ortaya qoydu və yaradılmasını labüdləşdirdi. Bu gün akademiya Avrasiya bölgəsindəki türk dövlət və xalqlarının sosial, siyasi, iqtisadi, mədəni durumları ilə bağlı təhlillərin yer aldığı elmi və analitik "GLOBAL-Turk" jurnalını nəşr edir.

Bundan başqa, Beləliklə bütün bu maarifləndirmə və məlumatlandırma missiyasını genişləndirməkdə, vahid Türk informasiya fəzasının yaradılmasına gedən prosesi sürətləndirməkdə biz də qərarlıyıq. /1news.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər