15 Avqust 2022 19:08
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran və Qəbələdə yanğınların söndürülməsinə helikopterlər cəlb edilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə FHN-dən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com