Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasında yüklərin və əl çantalarının yoxlanışı narazılığa səbəb olub.
Platformaya düşmək istəyən sərnişinlərin əllərində olan yüklər yoxlama qurğusundan keçirildikdən sonra metrodan istifadələrinə icazə verilməyib. Metroda xidməti fəaliyyət göstərən polis əməkdaşları sərnişinlərin yüklərində banka aşkar edildiyini əsas gətirərək, onlara yerüstü nəqliyyatdan istifadə etmək barədə göstəriş verib.
Metrodan istifadə etmələrinə icazə verilməyən sərnişinlər isə indiyə qədər belə halla qarşılaşmadıqların bildiriblər.
Məsələnin maraqlı tərəfi bu cür yoxlanışın digər metrostansiyalarda aparılmamasıdır.
Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb.
O bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilə metroda aparılması qadağan olunmuş əşyaların siyahısı var: “Şüşə kəsici alət olduğuna görə həmin sərnişinlər metroya buraxılmayıb. Metropolitenin bütün stansiyalarında polis əməkdaşları tərəfindən müvafiq qaydaya uyğun olaraq nəzarət, yoxlama və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılan əsas məsələlər sırasındadır.
Metropolitendən istifadə edən sərnişinlərin özləri və yükləri metro polisləri tərəfindən həm xüsusi, həm də ümumi yük çantaları cihazlarla yoxlanılır. Məqsəd metroda daşınması qadağan olunan əşyaların tunelə buraxılmamasıdır. Bu, sərnişinlərin diqqətinə çatdırılır və bildirilir ki, Metropolitenin içərisinə həmin əşyalar buraxılmır və proses müvafiq məlumata uyğun həyata keçirilir. Heç bir halda kəsici, yandırıcı və buna bənzər hansısa əşyaları olan vətəndaşlar Metropolitenin stansiyalarına buraxılmır”.
Qurum rəsmisi analoji yoxlanışın digər metrostansiyalarda aparılmamasına münasibət bildirməyib.