Sabahdan Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmirr Yolları" ASC məlumat yayıb.
Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.
Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək.
Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.