Kibermüdafiənin təmin edilməsi üçün savadlı kadr lazımdır. Kibersərhədlərimizin qorunması bu sahə üzrə mütəxəssislərin bilik və bacarığından asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov Beynəlxalq Kibertəhlükəsizlik Gününə həsr olunan konfransında deyib.
Onun sözlərinə görə, orduda müasir silahlardan istifadə olunduğu kimi kibermüdafiənin təmin olunması üçün müasir həllərdən istifadə edilməlidir:
"Bu cür həllərin tətbiqində milli həllərin yaradılması təqdirəlayiqdir. Son illər informasiya təhlükəsizliyi ən aktual mövzulardan olub, kiberhücumların sayında yüksək intensivlik müşahidə olunur. Bu hücumların intensivliyi xüsusilə informasiya sistemlərinə qarşı təşkilatlanmış şəkildə müşahidə olunur. Xidmətimizin əməkdaşlarının fasiləsiz fəaliyyəti nəticəsində dövlət qurumları, informasiya resurslarından istifadə edən vətəndaşların kibertəhlükəsizliyi təmin olunub. Təəssüflə qeyd etməliyik ki, individual kompüter istifadəçilərinin, xüsusilə həssas dönəmlərdə hədəf alınması, onların haker tərəfindən maraq yaradan mövzularla bağlı saxta keçidlərə yönəlməsi, hesablarının ələ keçirilməsi və şantaj edilməsi elə də çətin olmur".
Qurum rəsmisi qeyd edib ki, nəticələrin analizi bir çox hallarda kibertəhlükəsizlik üzrə insanların məlumatsızlığı və kibergigeyanın aşağı olması ilə izah olunur.