28 Sentyabr 2022 15:59
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Mətbuat katibi Murad Haşımov deyib.

O, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.

"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - M.Haşımov bildirib.

***

15:25

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu Manset.az-a müsahibəsində Sənan Əhmədov bildirib.

O qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib: “Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O, yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmirəm. Mənim qızım və həyat yoldaşım var. Hətta kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var.

Onlar da dedi ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab olunmur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər