Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Dövlət Ermitaj Muzeyinin 250 illiyinə həsr edilmiş "İnsan. Mədəniyyət. Dünya" adlı 3-cü Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olub.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində nazir forumun açılış mərasimində və "Mədəniyyət siyasətinin əsasları: mədəniyyətdə innovasiyalar və müasir dövrün çağırışları" mövzusunda dəyirmi masada iştirak edib.
Səfər müddətində nazir Əbülfəs Qarayevlə Rusiyanın mədəniyyət naziri Vladimir Medinski və Dövlət Ermitaj Muzeyinin direktoru M.Piotrovski, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin katibi Y.Qriqoriyev, habelə Kubanın mədəniyyət naziri J.G.Toledo, Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxammediulı, Çin Xalq Respublikasının mədəniyyət naziri Tsai Vu və Serbiyanın mədəniyyət və informasiya naziri İ.Tasovac arasında görüşlər keçirilib.
Görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Əbülfəs Qarayev həmçinin məşhur ispan arxitektoru Santyaqo Kalatrava Vals ilə bir araya gəlib.
Forum çərçivəsində təşkil edilmiş konsertdə görkəmli azərbaycanlı tenor Yusif Eyvazovun çıxışı olub.
İLHAMƏ