Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Qafqazşünaslıq İnstitutu yaradılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
İnstitutun yaradılmasında məqsəd Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini ardıcıl və sistemli şəkildə tədqiq etməkdir.
İclasda həmçinin, fizika üzrə fəlsəfə doktoru Oktay Hümbətli AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Rəhasət Heyətinin iclasında AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.
AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul edib.
Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.