“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi “Qızların ali və peşə təhsilinə marağının artırılması ilə təhsildən yayınmasının qarşısının alınmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbirini Saatlıda keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə regionlarda yaşayan yeniyetmə qızların maarifləndirilməsi ilə onların təhsildən yayınmasının qarşısının alınması, peşə və ali təhsilə cəlb edilməsini təşviq etməyi nəzərdə tutur. Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil sektorunun metodisti Ülkər İslamovanın da iştirak etdiyi tədbirə Saatlı rayon məktəblərində təhsil alan 52 məktəbli qatılıb.
Tədbiri giriş sözü ilə açan “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihənin məqsədi regionlarda təhsil alan yeniyetmə qızların və valideynlərin maarifləndirilməsi ilə qızların təhsildən yayınmasının qarşısının alınması, onların peşə və ali təhsilə cəlb edilməsini təşviq etməkdir: “Layihə çərçivəsində qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi hallarına qarşı məsul şəxslər, qurumlar, yaranan məsuliyyət, bu halların baş verməsi zamanı şikayət edilməsi, qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında uyğun təhsil imkanları ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanaraq çap edilib. Həmin buklet sizlərə paylanılan qovluqlarda da var və bukletdə olan məlumatla həm özünüzün, həm də valideynlərinizin tanış olması arzuolunandır”.
Daha sonra tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil sektorunun metodisti Ülkər İslamova erkən nikahın qarşısının alınması və yeniyetmələri təhsilə cəlb edilməsi üçün aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətli olduğunu qeyd edib. Hesab edirəm ki, yeniyetmə qızların təhsillərini orta ixtisas, peşə və ali məktəblərdə davam etdirməsinə cəlb edilməsi erkən nikah hallarının da qarşısının alınmasında rol oynayacaq.
Daha sonra tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına qızların təhsil almasının əhəmiyyəti ilə bağlı məlumat verib. Tədbir zamanı iştirakçılara ölkəmizdəki orta ixtisas, peşə təhsili müəssisələri, ali təhsil müəssisələrində qızların təhsil alması üçün uyğun ixtisaslar barədə məlumat verilib. İştirakçılara qızların təhsil hüququ, qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi zamanı yaranan məsuliyyətlə bağlı məlumat verilib. Respublikamızda qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında ödənişsiz təhsil imkanları ilə bağlı da iştirakçılara məlumat verilib. Orta ixtisas, peşə məktəbləri və ali məktəbə sənəd verilməsi proseduru əyani olaraq qızlara göstərilib. Həmçinin, nikah hüququ, nikah yaşı, nikaha məcburetmə, erkən nikaha cəlb edilmə zamanı qanunvericilikdə nəzərdə tuulan məsuliyyətlə bağlı məktəblilər məlumatlandırılıb.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.