“Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı bəzi məsələlər qaldırmışdım ki, onlar nəzərə alınmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O, bəzi təkliflərini yenidən irəli sürüb:
"Məsələn, 30.1 maddə olduğu kimi saxlanılıb. Halbuki bu, partiyaların üzərinə konkret öhdəliklər qoyur. Məsələ qaldırmışdım ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü ola bilməz, amma burada dövlət qulluğunun xüsusi qulluqçuları nəzərə alınır. Mən hesab edirəm ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü olmamalıdır.
Bundan başqa, 13 və 14-ci madələr qanun layihəsindən çıxarılmalıdır. Çünki burada faktiki partiyanın necə idarə edilməsinə göstəriş verilir. Elə partiya var ki, həmsdərlik institutu ola bilər. Mən hesab edirəm ki, xırdalıqlara getmək düzgün deyil. Eləcə də yerli təşkilatlar məsələsi olduqca vacib məsələdir. Ölkə miqyasında partiya yaranırsa, heç olmasa 50 rayonda təşkilatı olmalıdır. Həm də partiyanın mərkəzi qərargahının paytaxtda olması vacib məsələdir”.
Qüdrət Həsənquliyev partiya üzvlərinin mobil telefonlarının daxil edilməsi məsələsinə də etiraz edib:
"Bu, hər kəsin şəxsi işi kimi götürülməlidir. Partiyaların maliyyələşməsi məsələsinə də diqqət çəkmək istərdim. Xüsusilə, 25.2.2 maddədə ayrılan maliyyənin 40 faizinin siyasi partiyalar arasında bərabər bölünməsi təklif edilir. Niyə 40? Mən təklif edirəm ki, 60 faizi bölünsün, 30 faizi də kimin daha çox deputat yeri varsa, onların arasında bölünsün. Qanunlar qəbul edəndə ölkədəki ictimai münasibətlər nəzərə alınmalıdır".