Bu gün Qazaxıstanın Aktau şəhərində yerləşən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” tərəfindən Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Baş konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, universitetin tələbə və müəllimləri, Qazaxıstanın Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri və ziyalıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbir zamanı Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov, “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin rəhbəri, universitetin müəllimi Zakir Əkbərov, azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədr müavini Vaqif Əliyev və digərləri çıxış ediblər.
Baş konsul R.Məmmədov öz çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin müstəqillik əldə etdikdən sonra beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb. O, ulu öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində gördüyü işlər, 90-cı illlərdə ölkəmizin qarşılaşdığı ağır faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirdiyi diaspor və lobbi quruculuğa fəaliyyəti, xaricdə yaşayan həmyerlilərimizlə bağlı arapılan dövlət siyasəti və digər məsələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra digər natiqlər öz çıxışlarında dərin zəka, təcrübə və uzaqgörənliyə malik dövlət xadimi kimi Heydər Əliyevin dünya miqyaslı siyasətçi olduğunu, onun Qazaxıstan-Azərbaycan münasibətlərindəki rolunun əhəmiyyətindən danışıblar.
Tədbir sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də onun muasir Azərbaycanın qurulmasındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.