Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində “Sən tək deyilsən” layihəsinin təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə zorakılıq qurbanı olmuş Cəmalə adlı qızcığazın həyatına həsr olunan qısametrajlı film nümayiş etdirilib.
Filmin ideya müəllifi, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu nəslinin nümayəndəsi Sara Axundova isə layihə üzərində iki il çalışdıqlarını bildirib: “Hər dəfə Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa gedəndə görürəm ki, uşaqlar çox xoşbəxtdirlər, sanki bir ailədirlər. Böyük uşaqlar balacalara, balacalar da böyüklərə nəvaziş göstərir. Bu film onların ümidləridir və davamında gələcəkdə hansı peşədə fəaliyyət göstərmək istədiklərini söyləyirlər”. Sara Axundova zorakılığa məruz qalmış uşaqlar üçün yeni sığınacaq tikiləcəyini qeyd edib evinin tikilməsindən də danışıb: “Artıq bünövrəsi qoyulub. Arzumuz odur ki, sığınacağa türk dünyasının ilk qadın vəkili, şuşalı qızı Sürəyya xanım Ağaoğlunun adını verək”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qısametrajlı film haqqında danışıb: “Layihə dünyasını dəyişən Cəmalənin həyatına həsr edilib. Filmdə çəkilənlər canlı zorakılıq qurbanları idi, 4 ayından başlamış 38 yaşına qədər oğlanlar və qızlardır. Cəmalənin hekayəsində hər şey var idi, anadan ayrılmaq, baxımsızlıq, davamlı olaraq şiddət, heç kim tərəfindən sevilməmək, onun heç kim tərəfindən dinlənilməməsi və s. O, kimsəsiz idi, onu qoruyan yox idi. Onun arzuzu anasına qovuşmaq idi. 12 yaşındakı bir qızcığazı aldadaraq “ananın yerini bilirəm” deyən qonşusu ona təcavüz etmişdi. Təcavüz nəticəsində ana olmuşdu. O uşağı bütün kənd daş-qalaq etdi. O, bizim sığınacağa 14 yaşında, həyatının ən ağır zərbələrini görüb, gəlmişdi. Uşağını itimişdi”.
Aktyor, filmin rejissoru Kamran Ağabalayev təəssüf hissi ilə söyləyib ki, zorakılıq hadisələri Azərbaycandan da yan keçməyib: “Biz bunu öz tərəfimizdən film ilə göstərmək istədik. Məqsədimiz odur ki, hamımız uşaqlara “Sən tək deyilsən” deyək”.
“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva isə layihəyə dəstək verdiyini deyib: “Dövlətimiz hər zaman bu layihələrə dəstəkdir. Mən də Azərbaycan vətəndaşı olaraq demək istəyirəm ki, sizin yanınızdayam. İnanıram ki, daxilində mərhəmət hissi olan hər bir qadın, ana sizə dəstək olacaq”.
Qeyd edək ki, tədbirdə Məşədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənli, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti və ictimai şəxslər iştirak ediblər.