Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Komitə sədri bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsinə yönəlik bir sıra mühüm addımlar atılıb:
“Regionlarda uşaq ailə dəstək mərkəzləri diqqət mərkəzində saxlanılıb. Ötən il bələdiyyələrdə gender komissiyalarının nümayəndələri üçün müxtəlif təlimlər təşkil edilib. Beynəlxalq və yerli tərəfdaşlarla birgə bir çox layihələr həyata keçirilib”.
Onun sözlərinə görə, ötən il ərzində komitəyə daxil olan vətəndaş müraciətləri onu deməyə əsas verir ki, ölkə ərazisində məişət zorakılığı halları üstünlük təşkil edir:
“Qadınlara qarşı zorakılıq faktları ilə bağlı ötən il 2 197 cinayət qeydə alınıb ki, bunun da 20 %-i məhz qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Dünyada da bu sahədə artım müşahidə edilir.
Ölkədə müvafiq qurumlar tərəfindən məişət zorakılığnın qarşısının alınması istiqamətində aparılan tədbirlər Milli Fəaliyyət planına uyğun olaraq həyata keçirilib".
Komitə sədri vurğulayıb ki, 10 min hüquqa zidd əməllərini qarşısı alınıb və bu cinayətlərin qarşısı alınmasaydı vəziyyət daha pis olardı.