Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə təlim-metodiki toplantı keçirilir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlim-metodiki toplantının başlaması münasibətilə çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov toplantı iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırdıqdan sonra 2022-ci il ərzində İİ və MPT sahəsində görülən işlər, bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, cari ilin tədris dövründə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarından irəli gələn tapşırıqların bütün şəxsi heyətə çatdırılması təşkil olunub.
General-mayor E.Xəlilov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən, "Fərrux", "Qisas" və 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu döyüş əməliyyatlarından danışaraq bu qələbələrin qazanılmasında şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji hazırlığının və hərbi intizamının yüksək olmasının böyük rolu olduğunu vurğulayıb.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da yüksək döyüş hazırlığına gətirilməsi istiqamətində səmərəli və məqsədyönlü islahatlar aparılmaqdadır. Uğurlu islahatlar nəticəsində Ordumuzun peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, bölmələrin müasir texnika və avadanlıqlarla təchiz edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər praktiki nəticələr verməkdədir. İşğaldan azad edilən ərazilərimizdə torpaqlarımızın keşiyində dayanan hərbi qulluqçularımızın xidməti və sosial-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Baş idarə rəisinin müavini qeyd edib ki, yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri və hərbi qulluqçuların iştirakı ilə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının təmin edilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət bayramlarında, əlamətdar günlərdə 370-dən çox tədbir keçirilib. Şəhid hərbi qulluqçularımızın xatirəsinin yad edilməsi məqsədilə onların yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 450-dən çox anım tədbiri təşkil olunub.
İdarə rəisi ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar Ulu Öndərin irsinin dərindən öyrənilməsi, planda nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili və qarşıda duran digər əsas tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.
General-mayor E.Xəlilov müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, o cümlədən təhlükəsizlik qaydalarına və sayıqlığın artırılmasına dair təlimatlara uyğun olaraq hərbi qulluqçular arasında fərdi tərbiyə işinin aparılmasının və qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsinin vacibliyini vurğulayıb.
Sonra tədbirdə iştirak edən Milli Məclisin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək şəxsi heyətin mənəvi-psixoloji səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və ordunun döyüş qabiliyyətinə təsir edən digər mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.
Sonda cari ilin dekabr ayının əvvəlində Azərbaycan Ordusunda keçirilən “İlin ən yaxşı psixoloqu” müsabiqəsində yer tutan hərbi qulluqçular müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmri ilə mükafatlandırılıblar.