“Amerikalı qadın gedəndən sonra bildim ki...”
Həyatda hər kəs şanslı doğulmur. Bəzən də həyatın ağır sınaqları ömrün sonrakı illərinə təsadüf edir. Belələrini görməzliyə vurmaq, dərdinə biganə qalmaq düzgün və mümkün deyil.
Müsahibimin zəif, xırıltılı səslə mənə verdiyi cavablarda aramsız bir kömək, yardım istəyi vardı. Onu dinlədikcə öz-özümdə düşünürdüm: bunları mənə doğrudanmı danışan bu adamdır?
Onun başqalarından fərqli olduğunu düşünmüşdüm. Amma... Bugünku müsahibim çəkdiyi əzablardan, düçar olduğu xəstəliklərindən utanmayan, üstəlik sağalacağına ümidini üzməyən birisidir. Əsrin bəlası olan İİV infeksiyasina (SPİD) tutulub, həm də qırtlaq xərçəngi boğazından yapışıb.
Anasını özünə bacı bilirmiş
Mənsur Xanlarov 1967-ci ildə İmişli rayonunda anadan olub. Valideynləri o, altı aylıq olanda ayrılıblar: “Atam anamı qısqandığı üçün ayrılmalı olublar. Anam başqasına ərə gedəndə məni nənəmin, babamın öhdəsinə buraxıb. Əvvələr ad-soyadım Quliyev Münasib Malik oğlu olub. Sonradan dəyişdim.
Yadımdadı, anam bizə gələndə həmişə məni qucaqlayıb öpürdü. Bacı bildiyim qadının əslində anam olduğunu 14 yaşımda təsadüf nəticəsində öyrəndim. Anamdan soruşdum ki, niyə yenidən ailə quranda məni özünlə aparmadın? Cavab verdi ki, ailə qurduğum kişi səni özümlə aparmağa icazə vermədi. Yenə də babamın evində yaşamağa başladım. Əsgərliyə getməyimə 5 ay qalmış gedib atamı tapmaq qərarına gəldim və tapdım. Atam bildirdi ki, boşananda məhkəmə səni götürməyə mənə icazə vermədi. Əsgərlikdə məktub gəldi ki, atan ölüb. Mən də əsgərlikdən qayıdandan sonra adımı-soyadımı dəyişib Xanlarov Mənsur Sərxan oğlu etdirdim”.
Şəkər zavodundan işləyən gözəl qadın və…
O, 1994-ci ildə ailə həyatı qurur. İmişli rayonu ərazisində yerləşən “Muradxanlı” neftçıxarma idarəsində işləməyə başlayır: “Yüksək əmək haqqım və gözəl ailəm vardı. Düzü, biz kişilər yad qadın görəndə nəfsimizi saxlaya bilmirik. İmişlidə şəkər zavodunda xarici ölkədən gələn qadınlar işləyirdi. Mən də həmin zavoda yaxın yaşayırdım. Orada işləyən amerikalı qadınlardan biri ilə tanış oldum. 4-5 ay davamlı olaraq görüşdük.
Daha sonra qadın Azərbaycandan getdi. Onun gedişindən bir il sonra özümü narahat hiss etdim, məndə qızdırma, halsızlıq baş verdi. İmişlidə həkimə getdim. Həkim mənə yataq rejimli müalicə yazdı.
Günlər keçdikcə vəziyyətimdə heç bir dəyişiklik olmadı. Paytaxta gəlib analiz verdim və məndə İİV virusu aşkarlandı. 2006-cı ildən Respublika QİÇS-lə mübarizə mərkəzində qeydiyyatdayam. Burada hər 6 aydan bir 21 gün qala bilirəm. Bu mərkəzin həkimləri olmasaydı, bəlkə mən çoxdan ölmüşdüm”.
Arvad-uşaq ondan qaçıb
Bəs ailəsi Mənsurun bu xəstəliyə yoluxduğunu necə qarşılayıb? Deyir ki, öz xəstəliyindən xəbər tutanda ilk aylar həyacan içində yaşayıb: “Fikrləşirdim ki, çürüyəcəm və öləcəm… Daha sonra özümü ələ aldım, yaşamaq üçün mübarizəyə başladım. Bir ay sonra ailəmə dedim ki, SPİD xəstəsiyəm. Evdəkilər qorxdu. Həyat yoldaşım da analiz verdi, heç bir xəstəlik olmadığını biləndə uşaqları da götürüb evdən getdi.
İki oğlum var, biri 15, digəri 14 yaşında. Bildiyimə görə, Saatlı rayonuna yığışıblar. 9 ildir onları görmürəm”.
Sonra dayısına sığınır, amma ordan da çıxmalı olur: “Xəstəliyimdən xəbər tutanda o da məni evdən qovdu, işdən də çıxdım. 9 ildir Biləcəridə kirayə qalıram. 160 manat pensiya alıram. Onun 130 manatını kirayə verirəm. Əvvələr fəhlə işləyib günə 10-15 manat qazanırdım. Amma 2 aydır xərçəng buna da imkan vermir.
Gecələr nəfəs ala bilmirdim. Biləcəridə Dəmir Yol Xəstəxanasında analiz verdim. Məndə qıtlaq xərçəngi çıxdı. Bildirdilər ki, boğazında deşik açmaq lazımdır, bunun üçün 300 manat pul istədilər. Kirayə yaşadığım yerdə qonşular və uşaqlıq dostumun sayəsində pulu xəstəxanaya verdik. Boğazımdan deşik açdılar, indi güclə də olsa nəfəs ala bilirəm.
Onkologiya Xəstəxanasında da analiz verdim, xəstəliyi təsdiq etdilər, məlum oldu qırtlaqda şiş var. Dedilər, əməliyyat olunmasan 2 aya öləcəksən. Əməliyyata isə 5 min manat istədilər. Hətta həkim biləndə ki, heç kimim yoxdu, yenə qiymətə fərq qoymadı. “Bax burda işləri zayılladın” dedi.
10 il sənayedə işləmişəm. Bəlkə elə o zaman zəhərli maddələrlə işlədiyim üçün bu xəstəliyə tutulmuşam. Heç kəs mənə kömək etmək istəmir. Gecələr yata bilmirəm. Hər 15 dəqiqədən bir oyanıram. Çünki məndə tez-tez boğulma baş verir”.
“Anam on dəqiqəliyə gəldi”
Xərçəng xəstəsi olduğunu biləndə dayısına zəng edib: “Dedim, mənim vəziyyətim yaxşı deyil, uşaqları gətir, onları görüm. Uşaqları gətirməyəcəyini bildirdi. Mənə heç kim yaxın durmur. Anamın 10 uşağı var. Bəziləri Bakıda yaşayır deyə anam onlara qonaq gəlibmiş. Eşidib ki, xəstəyəm. O da 10 dəqiqəliyə gəlib məni gördü. Özünü elə apardı ki, sanki 9 ay məni bətnində daşımayıb. Anamadan uşaqlarımı soruşdum, dedi maraqlanmıram”.
Yaşamaq istəyir!
O, səhvini boynuna alır: “Bu bir səhv idi. İndi peşmanam, çünki bu səhv hərəkət məni ailəmdən, uşaqlarımdan məhrum etdi. Düzü, inanmıram məni əməliyyat edələr. Amma yaşamaq istəyirəm . Bilmirəm, bəlkə o dünya buradan yaxşıdır. Orada sakit və rahat olaram. İndi isə pulsuz və carəsizəm. Pul yoxdursa ölməlisən. Əslində mən ölümümü gözləyirəm…
Sonda Səhiyyə Nazirliyindən xahiş edirəm ki, mənə kömək etsinlər. Bir az da yaşayım. Sağalıb 10 ilə yaxındır görmədiyim uşaqlarımı görmək istəyirəm”.
İlhamə Əbülfət