Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
Bu gün peşə bayramlarını qeyd edən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, MSN-nin bir qrup əmədaşı peşə bayramı ərəfəsində Prezident İlham Əliyev təltif olunub. O, başa çatmaqda olan 2014-cü ilin ölkə həyatında bir sıra mühüm hadisələrlə zəngin olduğunu deyib: “Beynəlxalq səviyyədə keçirilən və müxtəlif sahələri əhatə edən sərgilər, təməlqoyma mərasimləri, konfrans və forumlar bunun bariz nümunəsidir”.
Y.Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, son illər Azərbaycanda müdafiə sənayesi uğurla inkişaf edib, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb: “2007-2014-cü illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Nazirliyin fəaliyyət göstərdiyi 9 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirib. Onlarla texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılıb. Artıq nazirliyin müəssisələrində yaradılan yeni istehsal sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. İstehsal proqramına uyğun olaraq 2014-cü ildə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23,4 dəfə, 2010-cu illə müqayisədə isə 2 dəfə artıb.
Müəssisələrimizdə 900-dən artıq müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. 2014-cü ildə də nazirliyin müəssisələrində sifarişə uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı uğurla həyata keçirilib.
Cari ildə ilk dəfə olaraq müxtəlif növ kapsulların seriyalı istehsalı mənimsənilib ki, bu da döyüş sursatlarının istehsalında mövcud olan kənardan asılılığı aradan qaldırıb. Həmçinin bu il nazirliyin müəssisələri tərəfindən yaradılma işləri üzrə 66 mövzunu və 169 mərhələni əhatə edən təcrübi-konstruktor işləri aparılır.
Bu ildə qumbaraatan üçün qəlpəli atəş yığımlarının, zirehli gödəkçənin, ötürücü-qəbuledici sistemin, qəlpəli-fuqaslı minanın, gecəgörmə cihazının yaradılması işləri tam başa çatdırılıb, onların seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Həmçinin xüsusi təyinatlı snayper tüfənglərinin zavod sınaqları aparılır və qısa müddət ərzində istehsalının mənimsənilməsi təmin ediləcək. Eləcə də, aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində tədbirlər görülür”.
Nazir bildirib ki, 2007-ci illə müqayisədə 2014-cü ildə mülki məmulatların istehsal həcmində 2,2 dəfə, 2010-cu illə müqayisədə isə 1,4 dəfə artım əldə olunub. Onun sözlərinə görə, çeşidlərin sayı isə 450- dən çoxdur: “2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib. Ötən müddət ərzində hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülüb. Belə ki, nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Bu gün Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən xüsusi və müdafiə təyinatlı məmulatlar xarici ölkələrə də ixrac olunur”.
BƏXTİYAR