27 Yanvar 2023 18:23
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla münasibətimiz çox kəskindir. Azərbaycan səfirliyinə edilən hücum terror hadisəsidir, bunu hansısa məişət əlaqələri ilə əsaslandırmaq yersizdir. Hesab edirəm ki, bu, həm də İran dövləti tərəfindən dəstəklənən hadisədir. Diqqət etsəniz görərsiniz ki, son bir ildə dünyanın müxtəlif ölkələrində - Fransa, Britaniyada Azərbaycan səfirliklərinə hücumlar həyata keçirilib. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, səfirlik və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər həmin dövlət tərəfindən mühafizə olunur. İndiki halda İran adlanan dövlət Azərbaycan diplomatik korpusuna edilən hücuma görə, məsuliyyət və cavabdehlik daşıyır”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən və bir nəfərin şəhid, iki nəfərin yaralanması ilə nəticələnən terror hücum haqqında danışarkən bildirib.

Oqtay Qasımov əlavə edib ki, İran dövləti Azərbaycan səfirliyinin güvənliyinə və təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyır, buna görə doğru-dürüst açıqlama verməlidirlər.

Politoloq qeyd edib ki, bu, öncədən planlaşdırılan və Azərbaycan dövlətinə gözdağı vermək məqsədilə həyata keçirilən terror aktdır: “ Digər tərəfdən, həmin terrorçunun qarşısı alınmasaydı, səfirliyə daxil olduqdan sonra daha dəhşətli qırğın törədəcək, toxunulmazlığı olan səfirlik əməkdaşlarına zərər vuracaqdı. Bu, pislənən haldır və İran dövlət olaraq buna cavab verməlidir”.

Oqtay Qasımov bildirib ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, İran rəsmən izahat verməlidir.


Müəllif: Nemət