3 Fevral 2023 14:52
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlərin icrası məqsədilə iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 6-dan 20-dək xəstəliyin ümumi yayılma səviyyəsini təyin etmək üçün ölkə ərazisindəki 39 rayon (şəhər) ərazisində yerləşən 50 başdan yuxarı iribuynuzlu heyvan təsərrüfatlarında saxlanılan südlük heyvanlar arasında monitorinqlərin aparılması planlaşdırılır.

Monitorinqlər zamanı südlük heyvanlardan təsadüfi seçim qaydası ilə qan nümunəsi götürülərək müvafiq müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq. Nümunələrdə ilkin ümumi testlər, şübhəli hallarda isə təsdiqedici testlər aparılmaqla xəstəliyin ümumi yayılma səviyyəsi təyin olunacaq və əldə edilmiş məlumatlardan epizootiya əleyhinə tədbirlərin planlaşdırılmasında istifadə ediləcək.

Monitorinq zamanı götürülmüş qan nümunələrinin dabaq xəstəliyinə qarşı peyvənd aparıldıqdan sonra immun fonun təyin olunması məqsədilə Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrinin aparılması da nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər