14 Fevral 2023 11:34
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.

O bildirib ki, parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir: "Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir".

"Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, “fast-food” qidalardan mümkün qədər az istifadə etməsi tövsiyə olunur", o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər