Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası fevralın 2-də başa çatıb. Bakalavriat səviyyəsində əyani şöbədə 11248 tələbədən 11137 nəfəri imtahanlarda iştirak edib, onlardan 365 nəfər əla, 1888 nəfər yaxşı, 6190 nəfər qarışıq, 2694 nəfər isə qeyri-kafi qiymətlər alıb. 111 nəfər tələbə üzürsüz səbəblərdən imtahanlarda iştirak etməyib. Ümumilikdə ADNSU üzrə bakalavriat səviyyəsində əyani şöbə üzrə müvəffəqiyyət göstəricisi 75,8%, keyfiyyət göstəriciləri isə 20,2% təşkil edib. Ötən tədris ilinin müvafiq imtahan sessiyasının nəticələri ilə müqayisədə müvəffəqiyyət göstəricisi 1,9% artıb, keyfiyyət göstəricisi isə 0,8% azalıb.
Bakalavriat səviyyəsində qiyabi şöbədə təhsil alan 203 tələbədən 199 nəfəri imtahanlarda iştirak edib, onlrdan 5 nəfəri əla, yaxşı və çox yaxşı, 156 nəfəri qarışıq, 38 nəfər qeyri-kafi qiymətlər alıb. 4 nəfər tələbə üzürsüz səbəblərdən imtahanlarda iştirak etməyib. Qiyabi şöbədə müvəffəqiyyət göstəricisi 98,0%, keyfiyyət göstəricisi isə 2,5% təşkil edib.
Magistratura səviyyəsində təhsil alan 2154 tələbədən 2056 nəfəri imtahanlarda iştirak edib, onlardan 413 nəfəri əla, 842 nəfər yaxşı və çox yaxşı, 712 nəfəri qarışıq, 89 nəfər isə qeyri-kafi qiymətlər alıb. ADNSU üzrə magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 95,7%, keyfiyyət göstəricisi isə 61,0 % təşkil edib.
MBA proqramı üzrə təhsil alan 297 nəfər tələbədən 168 nəfəri imtahanlarda iştirak edib, onlardan 12 nəfər magistrant əla, 63 nəfər yaxşı və çox yaxşı, 83 nəfər qarışıq, 10 nəfəri isə qiymətlər alıb. 4 nəfər tələbə üzürsüz səbəblərdən imtahanlarda iştirak etməyib. MBA proqramı üzrə magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 94,0%, keyfiyyət göstəricisi isə 44,6% təşkil edib.
SABAH qruplarından 504 tələbədən 501 nəfəri imtahanlarda iştirak edib. Onlardan 113 nəfər əla, 259 nəfər yaxşı və çox yaxşı, 118 nəfər qarışıq, 11 nəfəri isə qeyri-kafi qiymətlər alıb. SABAH qrupları üzrə müvəffəqiyyət göstəricisi 97,8%, keyfiyyət göstəricisi isə 74,3% təşkil edib.
Qeyd edək ki, ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imthan prosesinə nəzarət olunub.
İmtahanlar 2 formada (yazılı, yazılı-şifahi) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. ADNSU-da payız semestrinin imtahan sessiyası qiyabi şöbədə dekabrın 26-dan, əyani şöbədə isə yanvarın 5-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 15-nə kimi 25% ödənişlə təkrara imtahan verə bilər.