7 Mart 2023 13:27
6 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın məruzəsində qadınların pensiya yaş həddinin azaldılması təklif olunur. Bu təklifi dəstəkləyirəm.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olsun:

"Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da açıq şəkildə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir.

Ayda onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Gərək bu faktları nəzərə alaq. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq.

İkinci bir təklifim də var. Bütün dünyada sahibkarların hüquqlarını müdaifə edən biznes ombudsmanı da var. İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Sahibkarlıq fəaliyəyti və problemləri üzrə parlamentdə ictimai dinləmənin keçirilməsini təklif edirəm".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər